Sahibə Qafarova AŞPA-da qadınların müdafiəsinə qalxdı

"Qadınlar hələ də diskriminatsiyaya məruz qalırlar"

"Gender bərabərliyi fundamental insan hüquqlarından biridir. Bir çox beynəlxalq sənədlərdə və insan haqları aktlarında qadınlara öz hüquqlarından geniş istifadə edilməsi barədə zəmanət verilir. Lakin sənəd üzərində təsdiq olunan bu hüquqlar bəzən reallıqda öz inikasını tapmır və qadınlar hələ də diskriminasiyaya məruz qalırlar". SİA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Deputat bildirib ki, bütün dünya dövlətlərinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində fəaliyyətlərinin əsas yönlədirici beynəlxalq sənədləri olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, insan haqqları üzrə Ümumi Bəyannamədə və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərdə, xüsusilə də Qadınlara Münasibətdə Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyada, Uşaq Hüquqlarına dair Konvensiyada, eləcə də Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamədə, İnkişaf Hüquqlarına dair Bəyannamədə fikir, vicdan, din və əqidə azadlığı hüquqları daxil olmaqla qadınların vəziyyətinin yaxşılaşdırılmasına, imkanlarının genişləndirilməsinə şəraitin yaradılması öz əksini tapıb: "Beləliklə də, qadınların və kişilərin mənəvi, etik, ruhi, intelektual tələblərini fərdi və ya başqaları ilə birlikdə təmin olunmasına, bunun vasitəsiylə onlara öz şəxsi arzularına müvafiq həyatlarını formalaşdırarkən cəmiyyətdə öz potensialını tam həyata keçməsi də əksini tapıb. İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Şərqdə qadınlara ilk dəfə səs vermə hüququnun verildiyi ölkədir. 1991- ci ildə Respublika öz müstəqilliyini bərpa etdikdən sonra qadınların hüququnu müdafiə edən bütün beynəlxalq sənədləri imzalayıb, gender siyasəti sahəsində mühüm nailiyyətlər əldə edib. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb. "Qadın Problemləri üzrə Dövlət Komitəsi" gender dövlət siyasətini həyata keçirmək məqsədi ilə 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 6-dan) Azərbaycan hökuməti gender sahəsində BMT-nin, ATƏT / DTİHB, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, və İSESKO kimi beynəlxalq təşkilatla sıx əməkdaşlıq edib".

Sahibə Qafarova deyib ki, hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur: "Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Həyata keçirilən səmərəli gender siyasəti Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb. Bu gün Milli Məclisdə kişilərlə müqayisədə qadın millət vəkillərinin sayı 17 faiz təşkil edir. Xatırladım ki, 1990- cı ildə bu rəqəm 4,3, 2000- ci ildə isə 10,7 faiz təşkil edib. Parlamentin vitse-spikerlərindən biri qadındır. Həmçinin, ombudsman da qadındır. Bu gün Azərbaycanda qadınların siyasi sahədə də fəallığı kifaytə qədər yüksəkdir və siyasi partiyalarda qadınların təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Mənim təmsil etdiyim Yeni Azərbaycan Partiyası qadınların partiya işində iştirakına mühüm əhəmiyyət verir, yerli və ümumrespublika üzrə keçirilən seçkilərdə qadın namizədlərin iştirakını təşviq edir. Yeni Azərbaycan Partiyasının üzvlərindən 47 faizini qadınlar təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə