Elman Məmmədov: “Havayı kağızın, sənədin heç bir əhəmiyyəti yoxdur” MÜNASİBƏT

Elman Məmmədov: “Havayı kağızın, sənədin heç bir əhəmiyyəti yoxdur” MÜNASİBƏT

"Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa İttifaqı, ATƏT kimi çox mötəbər beynəlxalq qurumlar Ermənistanın təxribatçı hərəkətlərini pislədilər". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, sözügedən qurumlar çıxışlarında bildirirlər ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidirlər: "Ancaq bu qurumlar zəhmət çəkib rəsmi sənəd və qətnamə qəbul etməlidirlər. Beləcə, qəbul elədikləri sənədin icrasını təmin etməlidirlər. BMT artıq 24 ildir ki, Azərbaycanla bağlı məlum 4 qətnaməni qəbul edib. Ancaq bu günə kimi o qətnamələrin qəbul olunması üçün heç bir əməli fəaliyyət göstərmir və tədbir görmür. Əgər bu qurumlarda qəbul etdikləri qətnamələri, qərarları icra etdirməyəcəklərsə havayı o kağızın, sənədin heç bir əhəmiyyəti yoxdur.

Biz beynəlxalq təşkilatlardan onu gözləyirik və tələb edirik ki, bizim haqlı mövqeyimiz müdafiə olunmalıdır. Azərbaycan öz torpağında müdafiə olunur. Ölkəmiz hücuma keçməyib. Sadəcə olaraq Azərbaycan erməni təxribatına cavab verib. Bu gün torpaqlarımız işğal altındadır. Buna görə də bütün beynəlxalq qurumlar işğalçıdan tələb etməlidir və rəsmi sənəd, qətnamə qəbul etməlidirlər ki, Azərbaycan torpaqlarından çıxarılsın. Ədalətli yol yalnız budur. Əks təqdirdə hər an ayın əvvəlində baş vermiş hadisələr ondan da daha güclü formada təkrar oluna bilər. Çünki işğalçı ordu bizim ərazimizdədir. Təbii ki, biz də ərazilərimizi işğaldan azad etmək fikrindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə