Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması və işğal olunmuş torpaqlarımızın azad olunması üçün vətəndaş cəmiyyətinin rolu xüsusi önəm kəsb edir. Buna görə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən Amerika Birləşmiş Ştatları prezidentinin adına petisiya hazırlanıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiya ilə bağlı Müraciətində ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində 23 il ərzində heç bir nəticə əldə etmədiyi bəyan edilir, AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal olunan ərazilərdən dərhal geri çəkilməsi tələbi, Sərsəng su anbarının hazırki vəziyyətinin bir fəlakətlə nəticələnə biləcəyini diqqətə çatdırmaq, həmçinin ABŞ president administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnamənin dəstəklənməsinə çağrış edilir.
Bu Müraciətlə Petisiyanın qəbul edilməsi üçün ən azı 100 min səs tələb olunur. Buna görə də Ali təhsil ocaqlarında bu işə həsaslıqla yanaşılır.
Azərbaycan Texniki Universitetində tələbələrin petisiyada aktiv iştirakının təmin olunması üçün Universitet rəhbərliyi xüsusi fəaliyyət planı hazırlayıb. Plana əsasən petisiyanın mahiyyəti tələbələrə çatdırılıb və onların səsverməyə təşviqi həyata keçirilib.
SİA-nın məlumatına görə, AzTU tələbələrinin petisiyada daha aktiv iştirakını təmin etmək üçün bugün Təhsil Nazirliyinin və AVCİYA-nın nümayəndələri tələbələrlə görüşüb.
Görüşdə petisiyanın əhəmiyyəti bir daha tələbələrin diqqətinə çatdırılıb və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülə biləcək işlərdən danışılıb.
AzTU tələbələri bildiriblər ki, petisiya ilə bağlı aktivliklər təkcə öz səslərini verməklə bitməyəcək,sosial şəbəkələr üzərindən digər tanışlarının da bu işə cəlb olunması üçün səylərini birləşdirəcəklər.
Qeyd edək ki, petisiya elan olunandan bu günədək 2000-ə yaxın AzTU tələbəsi səsvermədə iştirak edib.
İmzalanan müraciətin mətni:
Biz Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya ilə müraciət edirik:
AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan:
Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını;
Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbini;
Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu;
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyini;
ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyini nəzərə alaraq,
Biz Administrasiyanı AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB