Elxan Süleymanov DİA-da tələbələrlə görüşüb YENİLƏNİB - SƏS TV

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. SİA-nın məlumatına görə, bu gün AVCİYA-nın prezidenti Elxan Süleymanov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbələrlə görüş keçirib.

Bildirilib ki, AVCİYA-nın 12 illik fəaliyyətinin əsas xəttini Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçı siyasətinin, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması təşkil edir.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirib ki, Elxan Süleymanov hər zaman çox fəal mövqedə olub və Azərbaycanın maraqlarını beynəlxalq təşkilatlarda müdafiə edir: "İndi də "Sərsəng" su anbarı ilə əlaqədar Avropa İttifaqı tərəfindən qəbul olunmuş qərarda da E.Süleymanovun çox böyük rolu olub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bugündən Azərbaycan münasibət dəyişdi. Beləki qüdrətli ordumuz yüksək strateji əhəmiyyətli yüksəklikləri ermənilərdən azad etdi. Lakin bu bizim azadlıq müharibəmiz bir neçə cəbhədə (hərbi, təbliğat və beynəlxalq hüquq sahəsində ) gedirdi".

Geniş ideoloji mübarizə aparılmasının vacibliyini xüsusi vurğulayan AVCİYA prezidenti Elxan Süleymanov isə deyib ki, biz beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etməli və bütün dünyaya yaymalıyıq. Ağ Ev Administrasiyasına ünvanlanan petisiya da məhz bu məqsədi daşıyır.

Bildirilib ki, bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov deyib: "Bu sənədin önəmi ondan ibarətdir ki, Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamə Ağ Evin saytında dünyaya çatdırılır. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sudan silah kimi istifadə etməsi faktının xüsusi vurğulanması da petisiyanın önəmini artırır".

Qeyd edək ki, Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış petisiyada imzaların sayı 100 mini keçib. "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə" adlı petisiya layihəsində Obama administrasiyasından Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılmasına dəstək tələb edilir.

Petisiya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə