Fuad Muradov: "Azərbaycan gəncləri döyüşə hər zaman hazırdır"

Fuad Muradov: "Azərbaycan gəncləri döyüşə hər zaman hazırdır"

Milli Məclisdə müzakirələr davam edir. SİA-nın xəbərinə görə, Parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov qələbələrimizə görə gənclərimizi təbrik edərək bildirib ki, ermənilər post quraraq əsgərlərin qaçmamasına çalışır, biz isə hərbi cəbhəyə getmək istəyən könüllülərimizin qarşısını almaq üçün post qururuq.

Gənclər arasında böyük sevgi və coşqu olduğunu dilə gətirən millət vəkili söyləyib ki, bu istiqamətdə Ali Baş Komandanın hər bir əmri bizim üçün əsas istiqamət olaraq qalır: "Bundan sonra da bu istiqamətdə işlər gedəcək".

Çıxışı zamanı Ombudsmanın illik hesabatına toxunan F.Muradov qeyd edib ki, məruzə geniş və bütün sahələri ətraflı əhatə edib: "Ombudsman İnstitutunun beynəlxalq çərçivədə də böyük nüfuzu var. Elmira Süleymanovadan xahiş edərdim ki, öz nüfuzundan istifadə edərək ermənilər tərəfindən həyata keçirilən dəhşətlər, sakinlərimizin qırılması, xüsusən azyaşlı uşaqların ölməsində birbaşa iştirak edən Serj Sarkisyan və onun ətrafında olan insanlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun. Dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxması başlayıb və orada bir nömrəli namizəd də Serj Sarkisyandır. Sizin həm beynəlxalq təşkilatlar, həm də insan hüquqları ilə məşğul olan institutlarla şəxsi əlaqələriniz var. Bu istiqamətdə köməklik göstərmənizi istəyirik".

F.Muradov beynəlxalq tribunada çıxış edən hüquq müdafiəçilərinin bu günlərdə səssiz qalmalarını da münasibət bildirib: "Son zamanlar guya sülhpərəst qüvvələr müraciət yayaraq sülhdən danışırlar. Evimizə gəlib, başımıza top atırlar, deyək ki, atın, davam edin? Bu, qəbuledilməzdir. Bir qrup insanlar var ki, bundan istifadə edib, siyasi divident qazanmaq istəyirlər. Bu yaxınlarda cənab prezidentin humanist addımı oldu və guya hüquq müdafiəçiləri olan insanlar azadlığa buraxıldı. Onlar beynəlxaq tribunada, müxtəlif beynəlxalq nəşrlərdə müraciətlə çıxış edirdilər. Lakin son 3 gündə onların baş verənlərlə bağlı hər hansı fəaliyyətini görmədim. Əgər belə imkanlarınız varsa və beynəlxalq tribunaya çıxa bilirsinizsə o zaman niyə Ermənistanın din sakinlərimizə atəş aaçmaları ilə bağlı məlumat vermirsiniz? Çünki, həmin şəxslər həmin tribunalardan yalnız şəxsi maraqları üçün istifadə edirlər. Məsələlər sakitləşdikdən sonra onların kimlərə işlədiklərini müzakirə etməliyik".

Komitə sədri vurğulayıb ki, sosial şəbəkələrdə gənclərimiz tərəfindən müsbət işlər görülür. "Gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ermənilərin beynəlxalq dostları qarayaxma kampaniyasına əl atacaqlar. Buna hazır olmalıyıq və dərhal cavab verilməlidir. Azərbaycan gəncləri hər zaman hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə