Politoloq: “Azərbaycan son illərin ən uğurlu hərbi-siyasi gedişini edib” MÜNASİBƏT

"Qarabağ cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları öz bəhrəsini verir". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

O bildirib ki, əməliyyatın səbəbi və nəticələri barədə regionda marağı olan dövlətlərin rəsmilərinin, siyasi texnoloqlarının fərqli mövqe və şərhlər verməsinə baxmayaraq Azərbaycan kifayət qədər dayanıqlı və qərarlı görünür: "Təbii ki, bu inam illərlə formalaşan və artan nüfuzun nəticəsidir. Azərbaycan bir neçə il öncə hərbi əməliyyatlara başlmaq niyyətini ortaya qoysaydı dərhal nüfuzlu beynəlxalq təşkilatlardan və böyük dövlətlərindən münaqişəni dərhal və qeydsiz şərtsiz dayandırmağı tələb edilərdisə, artıq bu gün Azərbaycanın haqq işini dəstəklədikləri barədə bəyanatlar verirlər. Bir çox nüfuzlu təşkilatlar və dövlətlər bəyanatlar verərək Qarabağın işğaldan azad olunması tələbi ilə çıxış edirlər. Avropa Şurasının Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun hərbi əməliyyatlar zamanı BMT -nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra olunmasını tələb etməsi dediklərimin sübutudur. Türkiyə və nüvə dövləti olan Pakistan birmənalı olaraq Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvləri olan dövlətlər də artıq Azərbaycana simpatiyasını gizlətmir. Belarus prezidentinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasını dilə gətirməsi ölkəmizin nüfuzunun nəinki Avropada, eləcə də Qarabağı de-fakto işğal edən Rusiyanın dominanatlıq etdiyi MDB ölkələri arasında artdığını göstərir".

Politoloqun fikrincə, Qarabağ cəbhəsində silahlı qüvvələrimizin müvəffəqiyyətli əməliyyatları danışıqların yeni fazaya keçməsinə səbəb olacaq: "Güman edirəm ki, Madrid prinsiplərinin yenidən gündəmə gəlməsinin zamanıdır. Bu prinsip tərəflərə təqdim olunan zaman hətta Ermənistan tərəfi də bəyənmişdi.Lakin sonradan Rusiyanın təzyiqi ilə bu danışıqlar dayandırıldı və Ermənistan bütünlüklə bu formatdan imtina etdi. Bu günlərdə isə ATƏT- in Minsk qrupunun da fəallaşacağını görəcəyik. Hesab edirəm ki, Azərbaycan son illərin ən uğurlu hərbi-siyasi gedişini edib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...