Ötən gün Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə 148 nəfər əfv olunub. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən əfvin icrasına başlanılıb.
Sərəncam ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.
Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var. Həmçinin əfv olunanlar arasında bir sıra siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlər də olub.
Qaradağ rayonu 13 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov Azərbaycan Prezidenti əfv Sərəncamı imzalamaqla növbəti dəfə humanist addım atdığını söyləyib. O əfv olunanları təbrik edib, onlara Azərbaycan Respublikasının qanunlarına riayət etmələrini tövsiyə edib. Bildirib ki, Prezident İlham Əliyevin bu qərarı yüzlərlə insanı sevindirmiş və dövlətimizin başçısının humanist prinsiplərə əsaslanan siyasətə sadiqliyini bir daha nümayiş etdirib. Qeyd olunub ki, bu cəzaçəkmə müəssisəsində 27 nəfər azadlığa buraxılır. Onların da 1-i xarici ölkə vətəndaşıdır.
Sonra əfv olunanlara azadlığa buraxılmasını təsdiq edən sənədlər təqdim olunub.
Daha sonra Qaradağ rayonu 14 saylı cəzaçəkmə müəssisəsində də əfv Sərəncamının icrası ilə bağlı tədbir keçirilib. Burada 8 nəfər azadlığa buraxılıb.
Məhkumlara buraxılış vərəqələri təqdim olunub. Azad olunan məhbuslar bu xoş günü heç vaxt unutmayacaqlarını söyləyib və xeyirxah addıma görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Azadlığa çıxanların yaxınları da əziz bayram ərəfəsində bu humanist addıma görə dövlətimizin başçısına dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, ötən gün dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB