"Bütün dövlətlər Xocalı faciəsini tanımalıdır" AÇIQLAMA

"Bütün dövlətlər Xocalı faciəsini tanımalıdır" AÇIQLAMA

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası nəticəsində Xocalı soyqırımı son bir neçə ildə həm Avropa, həm Amerika ölkələri tərəfindən tanınıb və bu istiqamətdə işlər davam edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Faciənin dünya ölkələri tərəfindən tanıdılması ilə bağlı aparılan işlərin həyata keçirilməsində dövlət tərəfindən dəstək göstərildiyini deyən millət vəkili söyləyib ki, bunun nəticəsidir ki, bir neçə ölkələrin parlamentləri Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi qəbul edib: "Etiraf edək ki, Xocalı faciəsinin dünya ölkələrinə tanıtmaq çox çətin işdir. Amma buna baxmayaraq, uğurlu addımlarımız olub və hazırda bu işlər davam etdirilir. Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı cinayətdir. Dövlətlər arasındakı münasibətlərdən, dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün dövlətlər bu faciəni tanımalıdır. Çox təəssüf ki, bugünkü reallıq bunun əskini göstərir. Eyni dil, din və irqdən olmayanda ayrı seçkilik, ikili standartlarla üzləşə bilirsən".

Ç. Qənizadənin fikrincə, belə bir faciə işğalçı ölkə olan Ermənistana qarşı törədilsəydi, bütün dünya bunu tanıyacaqdı: "Faciənin tanıdılması nə qədər çətin olsa da, bunu gələcəyimiz naminə etməliyik. Övladlarımız görülən işlərdən xəbərdar olmalıdır".

Məsələnin beynəlxalq məhkəmə səviyyəsində həllinə gəlincə millət vəkili söyləyib ki, Ermənistan rejimi hakimiyyətdə olduğu müddətdə bu məsələnin beynəlxalq məhkəmə səviyyəsində həll etmək çətin olacaq: "Dünyada buna oxşar hadisələr var. Beynəlxalq məhkəmələr Afrikada, Avropada buna oxşar qətliamlara qarşı addımlar atırlar. Lakin nədənsə Xocalı faciəsini ilə bağlı beynəlxalq səviyyədə heç bir addım atılmır. Ermənistan dünyanın ən kiçik və müstəqil olmayan dövləti olsa da, beynəlxalq dəstək ona istiqamətlənib. Ona görə də hesab edirəm ki, hazırkı Ermənistan rejimi hakimiyyətdə olduğu müddətcə məsələnin beynəlxalq məhkəmə səviyyəsində həll etmək çətin olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə