Nərimanov Rayon Gənclər və İdman İdarəsində gənclərlə görüş keçirilib
Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal gəncləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarəninin fəaliyyəti, o cümlədən tələbə-gənclər təşkilatları ilə sıx əməkdaşlıqdan bəhs edib.
Nəcəf Novruzov qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir: "Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olub. Onun bizlərə olan tövsiyyələri gənc nəslin formalaşdırılmasında müstəsna rol oynayır. Respublikamızada ilk dəfə 1996-cı ildə keçirilən I Forumda, daha sonra 1999-cu ildə keçirilən II Forumda Ulu Öndərin şəxsi iştirakı və geniş məzmunlu çıxışından sonra dövlət gənclər siyasəti xeyli inkişaf etmiş, gənclərə diqqət və qayğı artmışdır. 2003-cü ildə keçirilən III, 2005-ci ildə IV, 2008-ci ildə - V, 2011-ci ildə - VI və 2014-cü ildə keçırılən VII forumlarından sonra isə bu inkişaf daha da sürətlənib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür şərait yaradılıb".
Nəcəf Novruzov əlavə edib ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də genişmiqyaslı tədbirlər həyata keçirilir: "Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən birinə çevrilib. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqlarla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Avropa Olimpiya Komitəsi tərəfindən ilk dəfə qitənin ən böyük idman tədbirinin - ilk Avropa Oyunlarının təşkili hüququnun Azərbaycana verilməsi müstəqillik tariximizin ən qürurverici hadisələrindən olmuşdur. Bu Oyunlar ölkəmizin potensialını, gücünü dünyaya, Avropa ictimaiyyətinə nümayiş etdirdi. Qısa müddət ərzində böyük hazırlıq işlərinin öhdəsindən layiqincə gələn Azərbaycan bu tarixi hadisə ilə növbəti Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar".
Sonra çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri İlqar Quliyev İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi.
Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsilində fərqləndiyinə görə 5 nəfər Təşkilatın fəal üzvə "Fəxri Fərman" təqdim olunub.
Gənclərlə xatirə şəkili çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB