Elçin Mirzəbəyli: “Azərbaycanın təcrübəsi Suriya böhranına töhfə verə bilər” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Azərbaycanın təcrübəsi Suriya böhranına töhfə verə bilər” AÇIQLAMA

"Azərbaycan Prezidentinin bu gün dünyanın diqqətinin yönəldiyi Suriya böhranı ilə bağlı mühüm tədbirə dəvət alması və bu toplantıda çıxış etməsi, ilk növbədə ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə Suriya məsələsində deyil, bütün beynəlxalq münaqişələrlə bağlı hər zaman obyektiv və beynəlxalq hüquq normalarına söykənən mövqe sərgiləyir: "Bu faktorun özü də ölkəmizin mövqelərini beynəlxalq aləmdə daha da gücləndirir. Cənab Prezidentin "Suriyaya və regiona dəstək" konfransında dünyaya verdiyi mesajlar diqqətəlayiqdir. İlk növbədə ölkəmizin qarşılaşdığı problemlərlə bağlı, o cümlədən işğal nəticəsində bir milyon azərbaycanlı qaçqının öz yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın bu problemlə faktiki olaraq təkbaşına mübarizə aparması və öhdəsindən gəlməsi mühüm mesajlardır. Ölkəmizin Suriya böhranına da öz töhfəsini verə biləcəyinin vurğulanması, Azərbaycanın təcrübəsindən bu problemin həllində istifadəsi amilinin önə çəkilməsi önəmli faktorlardır".

Ölkə başçısı belə mötəbər konfransda iştirak etməklə eyni zamanda Azərbaycanın multukultural ənənələrə, dəyərlərə önəm verən bir ölkə olması, keçdiyi ağır və şərəfli tarixi yol barədə də dünyaya mesajlar verdi. Bu konfransda iştirak Azərbaycanın dünya üçün mühüm dövlət olduğunu bir daha ortaya qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə