Toğrul Allahverdili: “Putin tələsməməyə üstünlük verir” AÇIQLAMA

Toğrul Allahverdili: “Putin tələsməməyə üstünlük verir” AÇIQLAMA

"Rusiya xarici işlər naziri Sergey Lavrov SSRİ-də doğulmuş insanların Rusiya vətəndaşı olmasına icazə veriləcəyini bildirsə də bu hələ ki, inandırıcı görünmür". Bunu SİA-ya Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, Lavrovun özünün də dediyi kimi, bu məsələ çoxdandır ki, Rusiya hökuməti tərəfindən müzakirə olunur ancaq hələ ki, rəsmi bir qərar yoxdur: "Qanunun qəbul olunmamasının əsas səbəbi kimi dövlət Dumasındakı bürokratik əngəl göstərilməsi isə anlaşılan deyil. Çünki, Dumada deputat sayına görə ən çox yer hakim partiyanındır. Ola bilər ki Putin bu məsələni dəstəkləməsinə baxmayaraq tələsməməyə üstünlük verir".

T.Allahverdili əlavə edib ki, bu qanunun qəbulu Azərbaycana da təsirsiz ötüşməyəcək: "Məlum olduğu kimi, Rusiyada milyonlarla həmvətənimiz yaşayır və işləyir. Onların əksəriyyətinin sənədləri qaydasında ols ada vətəndaş olmadıqları üçün bir çox çətinliklərlə üzləşirlər. Əgər bu qanun qəbul olunarsa, həmvətənlərimizin vətəndaşlıq problemi həll olunacaq. Rusiyada yaşayan Azərbaycanlıların vətəndaş olması gələcəkdə onların Rusiya cəmiyyətinə inteqrasiya olmasını tezləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə