Sədaqət Vəliyeva: "ABŞ və Avropa institutları milli dövlətləri təhdid edir" AÇIQLAMA
"Çox təəssüflər olsun ki, hazırda demokratiya və insan hüquqları siyasi təzyiq vasitəsinə çevrilib. Bu gün ABŞ və Avropa institutları demokratiya və insan hüquqlarını istismar etməklə milli dövlətləri təhdid edir, geosiyasi maraqlarını təmin etməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ-ın özü nəzərə almalıdır ki, demokratik ölkə heç bir halda terrora və separatizmə dəstək verməməlidir: "Artıq 20 ildir ki, Vaşinqton Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana və separatizm yuvası olan qondarma "Dağlıq Qarabağ Respublikası"na maliyyə yardımı ayırır. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım ayrılıb. Faktiki yardımın həcmi isə 40 milyon dollar olub. Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə yardımı göstərib. Bu pulun hansı hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il isə ABŞ Konqresinin Alt komitəsi qondarma "Dağlıq Qarabağ Respublikası"na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklif etmişdi. Sual edilir: Nə üçün? Əgər ABŞ həqiqətən beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin nə mənası var? Elə bu cür sualları Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smitə də ünvanlamaq lazımdır".
Sədaqət Vəliyeva bildirib ki, Kris Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya aktı" layihəsi adlı sənəd tam şəkildə antiazərbaycan xarakter daşıyır və qəbuledilməzdir: "Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub. Əlbəttə ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ konqresinə keçirilməsi planlaşdırılan seçkilərin ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur. Bu kimi qərəzli addımlar eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə "siyasi məhbus" donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir. Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP və TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən antiazərbaycan dairələri ciddi surətdə narahat edir".
Sədaqət Vəliyeva vurğulayıb ki, demokratiya və insan hüquqları hansısa ölkənin istimar vasitəsinə çevrilə bilməz. "Əgər hansısa hegemon gücün belə bir iddiası olarsa, o zaman, gərək həmin dövlətin özündə vəziyyət ideal səviyyədə olmalıdır, sonra başqalarına tövsiyə verməlidir: "Yaxşı olar ki, başqa ABŞ olmaqla digər hegemonluq naminə mübarizə aparan dövlətlər artıq uzun müddətdir ki, ikili standartlarla işləyən beynəlxalq hüquq və normaları nizama salsınlar. Əgər dünyada hüquq normaları "tapşırıq və rüşvətlə" işləməsə, haqsızlığa uğramış dövlətin hüquqları təmin edilsə, o zaman dünyada hegemonluğa ehtiyac qalmayacaq, elə hüquq və beynəlxalq normalar dünyaya hakimlik edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB