İdris İsayev: "Doğulanlar arasında cins nisbəti pozulub" AÇIQLAMA

İdris İsayev: "Doğulanlar arasında cins nisbəti pozulub" AÇIQLAMA

"Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür". Bu fikirləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İdris İsayev deyib.

Nazir müavinin sözlərinə görə, son 12 il ərzində ölkə əhalisinin sayı 16 faiz artaraq, 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib: "Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir".

İdris İsayev vurğulayıb ki, hazırda hər 100 doğulan qıza 117 oğlan düşür: "Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunun dəyişməsinə gətirib çıxarır. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür. Doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Bunun baş verməsinin qarşısını almaq məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir".

İdris İsayev əlavə edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunub: "Dövlət Proqramının 2025-ci ilə qədər əhatə edəcəyi dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də ayrıca bölmə kimi xüsusi yer ayrılıb". Nazir müavini ölkədə demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini qeyd edib: "Bu əməkdaşlıq nəticəsində BMT-nin Əhali Fondunun təşəbbüsü ilə Hacettepe Universitetinin mütəxəssisləri doğulanlar arasında cins nisbətinin inkişafının müxtəlif ssenarilər əsasında demoqrafik proqnozlarını hazırlayıblar"

Bütün xəbərlər Facebook səhifəmizdə