İran kənarda qaldı ANTİTERROR KOALİSİYASI

İran kənarda qaldı ANTİTERROR KOALİSİYASI

İordaniya, Misir, Türkiyə, Qətər və Pakistan Səudiyyə Ərəbistanının təşkil etdiyi antiterror koalisiyasına daxil olduqlarını bəyan ediblər. SİA-nın məlumatına görə, bu barədə "reuter"agentliyinə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman danışıb. Nazir bildirib ki, koalisiyaya ümumilikdə 34 ölkə daxildir. Belə ki, birləşmiş komandanlığın operativ mərkəzi qərərgahı ölkənin paytaxtı Ər-Riyadda yerləşəcək. Yayılmış bəyanatda bildirilir ki, antiterror koalisiyasının yaradılması "İslam ümmətinə yaranmış təhlükə ilə bağlıdır" və eyni zamanda "insanların özlərini müdafiə etməsi zərurətinin yaranmasıdır".

Artıq koalisiyaya daxil olacaq digər ölkələrin də adları məlum olub. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Qabon, Somali, Qvineya, Komor Adaları İttifaqı, Kot-Divuar, Küveyt, Livan, Liviya, Maldiv Respublikası, Mərakeş, Mavritaniya, Nifer, Nigeriya, İndoneziya və Yəməndir. Bu sıralamada diqqət çəkən məqam isə ən böyük İslam dövlətlərindən biri hesab olunan İranın adının həmin siyahıda olmamasıdır.

Artıq koalisiya tərəfindən bəyan edilib ki, onların məqsədi yalnız "İslam Dövləti"nə qarşı deyil, digər terror təşkilatlarına qarşı da mübarizə aparmaqdan ibarət olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə