Elçin Quliyev və Kəmaləddin Heydərov axtarış rayonuna baxış keçiriblər
04 dekabr 2015-ci il tarixdə Xəzər dənizindəki "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri və helikopterləri dərhal hadisə yerinə səfərbər edilib və axtarış-xilasetmə işlərinə başlayıblar. Gündəlik olaraq dənizdə itkin düşmüş işçilərin axtarışı Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməkdədir. Hal-hazırda yanğın baş vermiş özüldən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradıl-mış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilməkdədir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, 10 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən əraziyə və axtarış rayonuna baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB