"Xarici qüvvələr daxili qüvvələrlə bir əlaqədə olub öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət vəkili Elman Nəsirli Nardaranda baş verən hadisələrin kökündə dayanan məsələlərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, özünü "müsəlman birliyi" adlandıran bu hərəkat və onun üzvlərinin formalaşmasında, fəaliyyət göstərməsində və maliyyə cəhətdən təmin edilməsində müəyyən xarici qüvvələrin təsiri var: "Ayrı-ayrı ölkələrdə bu tip özünü islam qüvvəsi kimi qələmə verən, əslində isə islam dini ilə heç bir əlaqəsi olmayan qüvvələrin fəaliyyətində hər zaman xarici qüvvələr rol oynayıb. Onlar ən azından maliyyə və ideoloji təsir baxımından öz işlərini görə biliblər".
Siyasətçi bu hərəkatın əsas məqsədini açarkən bildirib ki, həmin qüvvələrin məqsədi ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir: "Bu proseslərdə müəyyən xarici qüvvələrin əli var. Həmin qüvvələr, indiki halda özünü "müsəlman birliyi" adlandıran hərəkat öz sıralarına müxtəlif yerlərdən insanlar cəlb edir və onları məqsədyönlü şəkildə hazırlayıb ölkəmizin daxilindəki sabitliyi pozmağa, xalq və hakimiyyət birliyini aradan qaldırmağa, ölkədə xaos vəziyyət yaratmağa çalışırlar. Bununla da Azərbaycanı bir çox xaos məngənəsinə sürüklənən müsəlman dövlətlərinin sırasına daxil etmək istəyirlər. Lakin Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Ölkəmizin hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları məsələnin üzərində işləyib prosesin əsl mahiyyətini və burada hansı kənar qüvvələrin iştirak etdiyini aydınlaşdıracaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB