Bu məsələ Əsəd üçün prinsipə çevrilib Açıqlama

Bu məsələ Əsəd üçün prinsipə çevrilib Açıqlama

"Əsəd hakimiyyətdən bərk yapışıb və hakimiyyəti təhvil vermək istəmir". Bu sözləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib. O, bildirib ki, Suriya başçısı Bəşər Əsəd hakimiyyətdən gedə bilər, lakin getmək istəmir: "Əgər hakimiyyətdən getmək istəsəydi bunu daha əvvəldən edərdi. Hazırda ortada çox ciddi Rusiya və İran faktoru var. Bu iki ölkə Əsədin arxasında durur. Hər şey Bəşər Əsədin xeyrinə cərəyan edir. Buna görə də Əsəd əslində hakimiyyətdən bərk yapışıb və hakimiyyəti təhvil vermək istəmir. Bu artıq onun üçün prinsip məsələsinə çevrilib. O, sona qədər mübarizə aparmaqda qətiyyətlidir".

Analitik qeyd edib ki, hazırda Qərb və Türkiyənin də Əsədə qarşı təzyiqləri güclənib və İŞİD faktoru daha da qabarıb: "Bu vəziyyətdə Əsədə müəyyən müddət tanınması və keçid hökumətinin qurulması ilə bağlı məsələlər müzakirə predmeti ola bilər".

V.Zifəroğlu Əsədin seçkilərdə də iştirak edəcəyini və sonuna qədər hakimiyyət uğrunda mübarizə aparacağını vurğulayıb: "Suriyada yekdil müxalifət yoxdur. Burada bölünmüş, bir-biri ilə uyuşmayan və hətta biri-birindən kəskin dərəcədə fərqlənən bir müxalifətdən söhbət açmaq olar. Məhz müxalifətin yekdil olmaması Əsəd üçün böyük imkan yaradır. Əsəd hakimiyyətdən getsə belə onu əvəz edəcək heç kim yoxdur. Əsəddən sonrakı dövrün qaranlıq görməsi Qərbin Əsədə daha loyal davranmasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə