Təhsil işçiləri YAP-ın namizədi Şəmsəddin Hacıyevə səs verəcəklər

Təhsil işçiləri YAP-ın namizədi Şəmsəddin Hacıyevə səs verəcəklər

YAP Səbail rayon təşkilatında 29 saylı Səbail Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Şəmsəddin Hümmət oğlu Hacıyev seçki kampaniyası çərçivəsində Səbaildə yaşayan müəllim və valideynlərlə görüşüb. İştirakçıları salamlayan namizəd təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edərək, seçki kampaniyasının sonuna doğru onlarla görüşməyə zərurət duyduğunu bildirib: "Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir".

Şəmsəddin Hacıyev son illərdə Azərbaycan təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirib: "Çox qısa bir müddətdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məktəb tikilib və müasir avadanlıqlar, İKT ilə təmin olunub. Bütün bunların hamısı təhsilin keyfiyyətinin yüksəlməsinə yönəlib. Çünki təhsil və elm inkişaf etdikcə, ölkəmiz daha çox inkişaf edir. Ölkəmizin həm siyasi sabitliyi, iqtisadi və sosial inkişafı bilavasitə bu sahənin inkişafilə bağlıdır. Bu sahədə çox ciddi işlər görülür və görüləcək".

Şəmsəddin Hacıyev ölkə həyatının bütün sferalarında olduğu kimi, təhsil sahəsində də islahatların aparıldığını, dövlət proqramlarının qəbul olunduğunu vurğulayıb: "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkə başçısının diqqəti sayəsində təhsil islahatları uğurla davam edir, təhsil işçilərinin sosial müdafiəsi möhkəmləndirilir".

Görüşdə çıxış edən iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən, müəllimlərin dərs saatlarının azaldılması, əməkhaqqı və s. fikirlərini bildiriblər. Qaldırılan məsələlərə münasibət bildirən Şəmsəddin Hacıyev qeyd edib ki, millət vəkilinin vəzifəsi bütün seçicilərin mənafelərini müdafiə etməkdir: "Əvvəllər olduğu kimi, bundan sonra da çalışacağam ki, dövlətimizin təhsil sistemində apardığı islahatlar çərçivəsində sizin maraqlarınızın müdafiəçisi olum".

Görüşdə iştirak edən seçici müəllimlər və valideynlər 1 noyabr seçkisində yekdilliklə YAP-ın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevə səs verəcəklərini bildiriblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə