Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 20-22 oktyabr və 24 oktyabr 2015-ci il tarixli iclas protokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.
Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklər haqqında məlumat verilib.
MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib.
İclasda Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlunun şikayətinə baxılıb. 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyini irəli sürən X.Səfəroğlu müraciətində onun seçkiqabağı təşviqat zamanı keçirdiyi görüşlərə maneçilik törədilyini iddia edib. X.Səfəroğlu müraciətində bildirib ki, seçicilərlə görüşdən sonra kənd sakinləri ilə söhbəti zamanı ona icra nümayəndələri əngəl olublar, bununla bağlı DSK-ya müraciət edib. DSK isə onun şikayətini təmin etməyib.
MSK-nın Ekspert Qrupunun araşdırılması nəticəsində məlum olub ki, DSK X.Səfəroğlunun müraciətinə baxan zaman yanlışlığa yol verib. X.Səfəroğlunun müraciəti qismən təmin edilib.
İclasda həmçinin hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb. 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyini irəli sürən V.İsgəndərli müraciətində onun seçkiqabağı təşviqat zamanı görüşlər keçirməsinə əngəl olunduğunu bildirib. O bildirib ki, təşviqat aparılmasına yer ayrılmayıb, seçkiqabağı kampaniya aparmasına imkan verilməyib, özü isə polisə aparılıb.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində deyilənlərin əsassız olduğu məlum olub. Bildirilib ki, namizədlərin görüşlər keçirməsi üçün 29 yaşayış məntəqəsində tam şərait yaradılıb. Polisin müdaxiləsi məsələsinə gəlincə isə, onun keçirdiyi görüşlərdə polislər sadəcə, asayişi qoruyublar. Ekspert Qrupunun araşdırmasına V.İsgəndərli dəvət olunmasına baxmayaraq, iştirak etməyib.
MSK bunu əsas götürərək şikayəti təmin etməyib. V.İsgəndərli qərara etiraz edib, onun araşdırılmaya dəvət olunmadığını bildirib.
Bundan sonra V.İsgəndərli iclasda Yeni Azərbaycan Partiyasının ünvanına tənqidi fikirlər səsləndirib. YAP-ın Mərkəzi Seçki Komissiyasında təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü Bəhruz Quliyev isə çıxış edərək MSK sədrindən və komissiya üzvlərindən xahiş edib ki, müraciətlərdə hər hansı partiyanın ünvanına yönəlik təhqiramiz ifadələr işlədilməsinə yol verilməsin: "Xahiş edirəm ki, komissiya üzvləri müraciətə baxdıqda partiyanın, dövlətin, dövlət məmurlarının əleyhinə təhqiredici ifadələr işlədənlərə icazə verməsinlər. Sadəcə olaraq onlar öz müraciətləri haqqında fikirlərini bildirə bilərlər".
MSK-nın üzvləri Qabil Orucov, Validə Kazımova isə şikayətlər barədə fkirlərini bildiriblər.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB