"Bir çox həmkarlarım kimi, mən də Milli Məclisin IV çağırışının uğurla başa çatdığını demək istərdim". Bunu SİA-ya açıqlamasında millət vəkili Nəriman Əliyev deyib.
Millət vəkili qeyd edib ki, ölkəmizin inkişaf meyarında, bu meyarın qanunverciliklə tənzimlənməsində parlamentimizin rolu danılmazdır: "Çünki qəbul edilən hər bir qanun, müzakirəyə çıxarılan hər bir layihə bir amala - dövlətimizin tərəqqisinə yönəlmiş növbəti uğur, növbəti qələbədir. Təbii ki, iclaslarımız bir sıra əhəmiyyətli qanunların qəbulu ilə yadda qaldı. İstər ölkəmizin iqtisadi potensialının artırılması, istərsə də əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması yönündə atılan addımlar bu konteksti əhatə edir. O cümlədən, parlamentin beynəlxalq əlqələri, Azərbaycanın haqq və ədalət səsinin dünyaya çatdırılması prinsipi də Milli Məclisin müvafiq komissiyaları tərəfindən uğurla icra edilmildir.
Dövlət büdcəsinin müzakirəsi və qəbulu barədə də fikir bildirmək istərdim. Ümumiyyətlə, nəninki indiki, eləcə də ötən dövrlərdə qəbul edilən dövlət büdcələri bilavasitə ölkəmizin təməlinin nə qədər möhkəm, monolit dayaqlara söykəndiyini isbat edir. İstər rəqəmlərlə, istərsə də əməli işlərlə bütün bunları ayrı-ayrılıqda vurğulamaq mümkündür.
Onu da qeyd edim ki, Vergi Məcəlləsinə dəyişiklərlə bağlı Milli Məclisin İqtisadi Siyasət Komitəsində baxılıb və plenar iclasda müzakirəsi tövsiyə olunub. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatdan az olanların gəlir vergisinin güzəştə gedilməsinə, qəbul edilən dəyişiklik problemin aradan qaldırılmasına, 500 mindən çox insanın aylıq gəlirlərinin 3-9 faiz artmasına kömək edəcək.
Daha bir əhəmiyyətli məqam isə Prezident İlham Əliyev Cənablarının sahibkarlığın inkişafı və bu sahənin daha rahat şəkildə fəaliyyət göstərməsi üçün atdığı mütərəqqi addımı ilə bağlıdır. Artıq bəllidir ki, sahibkarların yoxlanmasını 2 illiyə dayandırılır. Möhtərəm dövlət başçımız, həmçinin lisenziyaların sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların "ASAN xidmət" mərkəzlərində verilməsi haqda Fərman imzalayıb. Təbii ki, bu sənəd parlamentə daxil olub və Milli Məclisdə müzakirə olunduqdan sonra qəbul edilib. "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" adlı qanun layihəsi 4 maddədən ibarətdir. İnanıram ki, bu amil sözügedən spektordakı inkişafa öz töhfələrini vermiş olacaq.
Son olaraq isə onu bildirmək istərdim ki, bəli, Azərbaycan inkişaf yolunu tutub və bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Bir faktı qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Dövlətimizin başçısı İlham Əliyev də bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB