Adil Əliyevin seçiciləri ilə görüşləri davam edir

Adil Əliyevin seçiciləri ilə görüşləri davam edir

Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin seçicilərlə görüşləri davam edir. SİA-nın məlumatına görə, namizəd bu gün Azərbaycan Kooperasiya Universitetinin qarşısında seçicilərlə görüşüb.

Görüşdə seçki qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələr, həmçinin Əfqanıstan və Qarabağ veteranları iştirak ediblər. Çıxış edənlər Milli Qəhrəman Zabit Quliyev, Ağsaqqallar Şurasının özək sədri Zakir Rzayev, Azərbaycan Respublikasının İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov Adil Əliyevin Milli Məclisdə deputat kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən ona dəstəl verəcəklərini bəyan ediblər.

Adil Əliyev isə öz çıxışı zamanı seçicilərlə görüşlərin uğurla davam etdiyini qeyd edib. Adil Əliyev yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb: "Hər zaman olduğu kimi hazırda da seçicilərim tərəfindən böyük dəstək görürəm. Onlar məni üçünçü dəfə parlamentdə görmək istəyirlər. Çalışacağam ki, ötən illərdə olduğu kimi fəaliyyətimi xalqın istəyinə uyğun qurum, dövlətin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim. Sizlərin etimadını bu dəfə də doğruldacağıma söz verirəm".

Sonda seçicilər Adil Əliyevə uğurlar arzu edərək xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə