Bu gün Səbail rayon təşkilatının qadınları ilə Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail rayon seçki dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev Hümbət oğlu ilə görüşü keçirilib. Yüksək seçici əhval-ruhiyyəsi ilə keçrilən görüşü giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatında apırıcı qüvvə olmasından və partiyanın monolit şəkildə seçkilərə qatılmasından danışıb. Bildirib ki, parlament seçkilərində, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Səbail rayonun seçicilərinin də böyük fəallıq nümayiş etdirəcəkləri heç kəsdə şübhə doğurmur.
M.Nağıyev bütün seçiciləri, o cümlədən qadınları fəal olmağa və 1 noyabrda məntəqələrə gedərək, Ş.Hacıyevə səs verməyə çağırıb.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev görüş iştirak edən qadınlarla görüşdən çox məmnun olduğunu bildirib. Şəmsəddin Hacıyev həyat və fəaliyyəti ilə bağlı görüş iştirakçılarına məlumat verib.
YAP-ın namizədi respublikamızın və cəmiyyətin yüksək inkişafında qadınların rolundan söhbət açaraq, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, qadınların respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakından bəhs edibdir.
Şəmsəddin Hacıyev bildiribdir ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir: "Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar".
Şəmsəddin Hacıyev onu da vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şəmsəddin Hacıyev, həmçinin ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan da geniş və əhatəli çıxış edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsindən söhbət açan YAP-ın namizədi vurğulayıb ki, Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerlərinin açıldığını və bununla da əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına imkanlar yaradıldığını söyləyib. Namizəd onu da qeyd edib ki, seçki platforması Yeni Azərbaycan Partiyasının şüarıdır: "Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı şüarı olan "YENİ HƏDƏFLƏRƏ DOĞRU!" tezisi ölkəmizin iqtisadi uğurları ilə həmahəng səslənir. Ümidvaram ki, seçki günü seçicilər məntəqələrə gedərək, dövlətin və xalqın maraqlarını ən yüksək səviyyədə müdafiə edən namizədə səs verəcəklər".
Görüşdə çıxış edən qadınlar seçki günü daha aktiv şəkildə iştirak edəcəklərini, öz iradələrini ortaya qoyacaqlarını və xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədi Şəmsəddin Hacıyev Hümbət oğluna səs verəcəklərini bildiriblər.
Sonda seçici qadınların sualları cavablandırılıb.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB