Şahin Əsədli: “1000 məntəqədə veb-kameraların quraşdırılması işləri aparılır” MÜSAHİBƏ - SƏS TV
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin SƏS TV-yə müsahibəsi:
- Şahin müəllim, artıq 2015-ci il noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə az müddət qalıb. Mərkəzi Seçki Komissiyasının (MSK) seçki prosesinə hazırlığı necə gedir?
- MSK bu ilin ölkəmizdə V çağırış Milli Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, öz hazırlıq prosesinə ilin əvvəllərindən etibarən başlayıb. Beləcə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvar ayından başlayaraq, may ayının sonunadək məntəqə, dairə və ən nəhayət Mərkəzi Seçki Komissiyası səviyyəsində seçici siyahıları tam dəqiqləşdirilir, dürüstləşdirilir və may ayının sonlarında ictimaiyyətə təqdim olunması üçün MSK-nın internet səhifəsinə yerləşdirilir. Hansı ki, bütün seçicilərimizin o siyahıda adlarının yerləşdirilməsi üçün lazım olan hər tədbir həyata keçirilib. İctimaiyyətin diqqətinə ona görə təqdim olunur ki, bütün vətəndaşlarımız orada öz adlarını seçici siyahısında yoxlamaq üçün (hər hansı bir texniki qüsurlar varsa və s.) MSK-ya müraciət edərək öz məlumatların dəqiqləşdirmək imkanına malik olsunlar. Seçici siyahılarının dəqiqləşməsi üçün vətəndaşlarımız MSK-nın təqdim etdiyi bir neçə müxtəlif vasitələrə uyğun olaraq MSK-nın uzunmüddətli fəaliyyət göstərən 125 saylı "Qaynar xəttə" zəng edə bilər, komissiyanın internet səhifəsinə online müraciət edə bilər, eləcə də məntəqə, dairə və digər seçki komissiyalarına müraciət edə bilərlər. MSK-nın fəaliyyət sahəsi içərisində xüsusi yer tutan məsələlərdən biri maarifləndirmə tədbirləridir. Builki maarifləndirmə tədbirləri istər Azərbaycan Respublikasının Prezidentinin, istər "Milli Fəaliyyət Proqramı"nın təsdiq olunması ilə bağlı Sərəncamı əsasında Dairə Seçki Komissiyalarının (DSK) sədrləri, DSK-nın üzvləri və Məntəqə Seçki Komissiyalarının sədrləri üçün keçirilmiş genişmiqyaslı maarifləndirmə proqramları olsun, istərsə də digər seçki subyektlərini əhatə edən, ümumiyyətlə həyata keçirilən irimiqyaslı bütün layihələr olsun, onların hamısı seçkilərin yüksək səviyyədə hazırlanmasına, azad və ədalətli keçirilməsinə hədəflənmiş layihələrdir. MSK öz maarifləndirmə proqramı çərçivəsində Daxili İşlər Nazirliyi (DİN) ilə birlikdə polis əməkdaşlarının Milli Məclisə seçkilərdə rol və vəzifələri ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bununla belə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qapalı müəssisələrdə Milli Məclisə seçkilərin hazırlanması və təşkil olunması qaydaları ilə bağlı seminar-treninqlər həyata keçirib. MSK-nın maarifləndirmə tədbirləri içərisində xüsusi əhəmiyyət verdiyi layihələrdən biri 2002-ci ildən etibarən əsası qoyulmuş və ilbəil daha da təkmilləşdirilərək bu gün yüksək səviyyədə həyata keçirilən aşağı seçki komissiyalarının üzvləri üçün treninq layihəsidir ki, bu treninq layihəsinin birinci mərhələsi oktyabrın 7-dən, 10-dək davam edib. Bu layihə "Treninqlər üçün treninq" adı altında Respublikada fəaliyyət göstərən 125 seçki dairəsinin hər birindən 2 nəfər olmaqla, 250 trenerin iştirakı ilə keçirilib. 4 gün ərzində həmin trenerlər seçki günü səsvermə qaydalarından tutmuş bütün prosedurlar haqqında müfəssəl məlumat əldə ediblər. Artıq o məlumatlar əldə olunduqdan sonra, onlar seçki sahəsində trener kimi yetişdirildikdən sonra onların DSK-ya gedərək öz seçki komissiyalarında Məntəqə Seçki Komissiyaları üzvləri üçün treninqlərin keçirilməsi həyata keçirilir. Oktyabrın 12-dən başlayaraq həyata keçirilən bu layihə məntəqə seçki komissiyalarının 32 mindən artıq üzvünü əhatə edir. Keçirilən bu treninqlərdə məntəqə seçki komissiyasının üzvlərinə seçki günü prosedurları ilə bağlı hərtərəfli məlumat verilir. Bura səsvermə hərəkətləri, səsvermə zamanı tədbirlər, seçki prosesində istənilən müddətdə ortaya çıxa biləcək müstəsna hallar, səslərin hesablanması, səsvermənin yekunlarına dair rəsmi protokolun doldurulması, rəsmi sənədlərin DSK-ya çatdırılması və s. daxildir. Ümumiyyətlə seçki günü prosedurları ilə bağlı məntəqə seçki komissiyasının bütün fəaliyyətini anlaşıqlı tərzdə, əyani vəsaitlərdən istifadə edilməklə, praktiki məşğələlər şəklində həmin o müzakirələrin aparılmasına, daha ətraflı izah olunmasına şərait yaradılır.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək seçkilərə özünün müşahidə missiyasını göndərməkdən imtina edib. Sizcə onları buna nə vadar etdi?
- Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq aidiyyatı qurumlar tərəfindən beynəlxalq təşkilatlara, beynəlxalq müşahidə missiyalarına, xarici qurumlara müvafiq dəvətlər göndərilib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərində onlar da iştirak etsinlər. Amma iştirak edib-etməmək dəvət edilən tərəfin öz üzərində olan işdir. Onlar buna özləri qərar verirlər. Bizim üçün əsas olan meyar prosesin Azərbaycan xalqı, seçicisi üçün şəffaf olmasıdır. Azərbaycanda keçirilən seçkilər hər zaman yüksək müşahidəçi aktivliyi ilə həyata keçirilib. Ölkəmizdə uzun illər keçirilən seçkilərdə on minlərlə yerli müşahidəçilər, çoxsaylı minlərlə beynəlxalq müşahidəçilər, beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən KİV-lər seçkilərdə tam sərbəstdirlər. Onlar üçün hər cür geniş imkanlar yaradılıb ki, seçkilərin işıqlandırılmasını əvvəldən sonadək fasiləsiz həyata keçirsinlər. Bununla belə, 2008-ci ildən etibarən Azərbaycanda, hətta deyərdim ki, dünya praktikasında ilk dəfə bu tipdə, formatda ölkəmizdə veb-kameralardan istifadə olunur. Bu il də həmin veb-kameralardan istifadə praktikasının həyata keçirilməsi nəzərdə tutulub. Ümumilikdə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılması üzrə işlər hazırda davam etdirilir. Həmin veb-kameraların quraşdırılması, yerləşdirilməsi onsuz da həm yerli, həm də beynəlxalq ictimaiyyətə tam imkan yaradır ki, onlar seçki proseslərinin əvvəldən axıradək online rejimdə fasiləsiz müşahidəsini həyata keçirə bilsinlər. Veb-kameralar quraşdırılan məntəqələr MSK-nın qərarı ilə təsdiq olunur və elan olunaraq ictimailləşdirilir. Bu texnika quraşdırılarkən onun bütün ölkə coğrafiyasını əhatə etməsi əsas götürülür.
- Bu ilin oktyabrın 9-da namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Amma bəzən şahidi oluruq ki, namizədlərin şəkilləri, şüarları onlar üçün ayrılan yerlərə deyil, əksinə hansısa marketin, restoranın, dayanacağın divarlarına yapışdırılır. Sizcə bunu qanunazidd hərəkət saymaq olarmı?
- Namizədlərin təbliğat-təşviqat kampaniyasına oktyabrın 9-dan start verilib. Bu proses oktyabrın 31-i səhər 08:00-da başa çatacaq. Həm seçki qanunvericiliyi, seçki komissiyaları, həm də aidiyyatı qurumlar tərəfindən namizədlərin bərabər seçkiqabağı təşviqat imkanlarının yaradılması üçün bütün addımlar atılıb. Respublikadakı seçki dairələri ərazisində 256 yer müəyyən olunub ki, onların 128-i açıq, 128-i qapalı olmaqla bütün namizədlər həmin yerlərdən ödənişsiz, heç bir icazə tələb olunmadan istifadə edə, seçicilərlə görüş keçirə, eləcə də öz platformalarını, seçki ismarıclarını vətəndaşlara, seçicilərə çatdıra bilərlər. Həmin yerlərdən istifadə olunması üçün əvvəlcədən DSK-nı məlumatlandırmaq lazımdır ki, digər namizədlərin görüşləri ilə üst-üstə düşməsin. Bundan başqa bütün ölkə ərazisində seçki məntəqələrinin hamısını əhatə edən 6 mindən artıq böyük ölçülü lövhələr quraşdırılıb ki, qeydə alınmış bütün namizədlər həmin yerlərdən rahatlıqla istifadə edə bilərlər. Seçkiqabağı təşviqat subyektləri öz təşviqatlarını apararkən mühüm tələblər var ki, onlara əməl olunmalıdır. Belə ki, hakimiyyətin zorla ələ keçirilməsinə, vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına yönəlik mülahizələrə yol verilməməlidir. Eləcə də KİV-lə seçkiqabağı təşviqat aparılarkən sosial, irqi, milli, dini, nifrət və düşmənçilik oyadan çıxışlara yol verilməməlidir. Bu kimi məsələlər mütləq şəkildə qanunvericilikdə nəzərdə alınmalıdır. Xüsusi dövlət əhəmiyyəti daşıyan tarixi, mədəni milli ornamentlərdən ibarət olan obyektlərdə, seçki komissiyalarının divarlarında və s. seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi qanunla qadağan olunub.
- Son olaraq, artıq səsvermə bülletenlərinin çapına başlanılıb. Əgər hər hansı bir namizəd bülletenlərin çap olunması ərəfəsində öz namizədliyini geri götürsə, bu proses necə həyata keçiriləcək?
- Seçki bülletenləri çap olunarkən, DSK-da bütün namizədlərin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə bülletenlərin çapı davam edir. Bu proses qanunvericiliyə nəzərdə tutulmuş müddətdə seçki gününə 10 gün qalanadək başa çatacaq. Namizəd ərizə ilə müraciət edib seçki gününə 10 gün qalanadək öz namizədliyini geri götürə bilər. Düşünürəm ki, bununla bağlı hər hansı bir problem, sıxıntı olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB