YAP-ın namizədi Şabran rayon sakinləri ilə görüş keçirib FOTOLAR
54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleyman oğlu Süleymanov təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib. Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov bu dəfə Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərinin sakinləri ilə görüşüb. Deputatlığa namizəd Tahir Süleymanovun müvafiq kəndlərdə görüşləri seçicilərin fəallığı və kütləvi iştirakı şəraitində keçib. Namizədin keçirdiyi müvafiq görüşlərə, ümumilikdə, yüzlərlə seçici qatılıb. Milli Məclis deputatlığına namizəd Tahir Süleymanov yerli sakinlər tərəfindən səmimiyyətlə, xoş münasibətlə qarşılanıb.
Keçirilən tədbirlərdə giriş sözü ilə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda ən nüfuzlu, aparıcı siyasi partiya kimi, parlament seçkilərində ən böyük qələbəyə layiqdir: "Şabran seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Partiyamız hər zaman ölkənin inkişafı, xalqın rifahı naminə fəaliyyət göstərir. Seçicilər bu səbəbdən YAP-ın fəaliyyətini çox müsbət qarşılayır, partiyanı bütün seçkilərdə birmənalı şəkildə dəstəkləyirlər. Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanması bunu əyani şəkildə sübut edir".

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd edib ki, seçkidə Yeni Azərbaycan Partiyasının amalı "Yeni hədəflərə drğru!" şüarıdır: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyini qazanıb. Bu, xalqın bu partiyaya böyük inamının, rəğbətinin nəticəsidir. Seçicilərin böyük əksəriyyətinin rəğbətini qazanması sayəsində, YAP uzun illərdir ki, parlamentdə çoxluq təşkil edən partiya kimi tanınır. Bu baxımdan, Milli Məclisdə mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolu kifayət qədər böyükdür".
M.Balabəyov daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov müsbət şəxsi keyfiyyətlərinə-biliyinə, intellektinə, mədəniyyətinə, səmimiyyətinə əsil ziyalıya xas olan davranışına görə, millət vəkili seçilməyə həqiqətən layiqdir: "O, elin, camaatın, sadə insanların rəğbətini qazanmış, ləyaqətli bir insandır. Seçiciləri maraqlandıran məsələləri, onların qayğılarını yaxşı bilir, problemlərin səmərəli həlli yolunu tapmağı bacarır. Yeni Azərbaycan Partiyasının üzvü kimi, Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov kifayət qədər fəal, təşəbbüskar insandır. Deputatlığa namizəd Tahir Süleymanov seçiciləri maraqlandıran məsələlərə böyük diqqətlə, həssaslıqla yanaşır. O, Yeni Azərbaycan Partiyasının namizədi kimi, sizə, sizin seçiminizə güvənir".
Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədi Tahir Süleymanov keçirilən görüşlərdə geniş, məzmunlu çıxış edib. O, seçicilərə öz seçki platforması barədə geniş məlumat verib. Tahir Süleymanov növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb, seçicilərin suallarını cavablandırıb. Deputatlığa namizəd seçicilərə təbliğat-təşviqat kampaniyasında fəallıq göstərməsindən razı qaldığını söyləyib: "Əlbəttə, istənilən seçkidə həlledici söz sahibi məhz seçicilərdir. Bu mənada, kimin millət vəkili seçiləcəyini də bilavasitə seçicilər həll edir. Bu baxımdan, mən hər bir seçicinin səsini qazanmağa çalışıram. İnanıram ki, bu seçkilərdə seçicilərin etimadını qazanmağa müvəffəq olacağam. Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, mənə göstərilən etimadı layiqincə doğruldum".
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun təbliğat-təşviqat kampaniyası, seçicilərlə görüşləri davam edir.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB