Prezidentdən Sumqayıtla bağlı SƏRƏNCAM

Prezidentdən Sumqayıtla bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb.

Sərəncamda qeyd olunur ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədilə, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,7 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə