Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Dairə seçki komissiyalarında 17 minə qədər, MSK-da isə 167 müşahidəçi qeydiyyatdan keçib.
İclasda namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 2-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.
Toplantıda həmçinin öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın müraciətinə baxılıb. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüş E.Seyidcahan dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib. İclasda bildirilib ki, dairə seçki komissiyası E.Seyidcahanın namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 550 imzadan 43 imza saxta hesab olunub və 180 seçici imzalarının etibarsız hesab edilməsi barədə seçicilər DSK-ya müraciət edib.
Qeyd olunub ki, araşdırma zamanı məlum olub ki, 180 müraciətdən yalnız 78 əsaslıdır. Beləliklə, E.Seyidcahanın müraciəti təmin edilib və onun deputatlığa namizədliyi qeydə alınıb. E.Seyidcahan isə təşəkkürün bildirərək qeyd edib ki, MSK-nın bu qərarı onun üçün vacib əhəmiyyət kəsb edir: "Məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz".
M.Pənahov bildirib ki, M.Pənahov bildirib ki, seçki prosesində 10 minlərlə insan çalışır: "Heç kim hansısa nöqsanlardan sığortalanmayıb. Kimsə nədəsə səhlənkarlıq edirsə, onu ümumi, kütləvi bir hal konteksində çatdırmaq düzgün deyil. Dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin. Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın. Şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır. MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır".
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB