"KTMT hansı haqla Dağlıq Qarabağ münaqişəsini müzakirə edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda hərbi təlimlər keçirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, sözügedən təşkilat Rusiya tərəfindən yaradılıb və formal xarakter daşıyır: "Bir balaca vəziyyət gərginləşən kimi Nikolay Bordyujanı İrəvanda görmək mümkündür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Bordyuja İrəvan-Moskva, Moskva-İrəvan yolunu özünə marşrut xətti seçib. Buna görə də Bordyujanın Sarkisyanla görüşü də heç də təəccüb doğurmur".
Ü.Cəfərov bildirib ki, burada diqqət çəkən əsas məsələ Bordyujanın Sarkisyanla Dağlıq Qarabağ müzakirə etməsidir: "Məsələ orasındadır ki, Sarkisyan Bordyuja ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı müzakirələr aparır. Azərbaycan-Ermənistan sərhədində gərginləşən situasiyanı müzakirə edən rus generalı nədənsə bu yaxınlarda o yaramaz Serj Sarkisyanın hansı haqla Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı səsləndirdiyi sərsəm fikir ilə bağlı izahat istəmək əvəzinə, onunla hələ üz-üzə oturub hansısa müzakirə aparır? Faktiki olaraq, KTMT kimi bir qurumun nə hüquqi, nə də mənəvi baxımdan işğal olunmuş ərazilərimizlə bağlı müzakirələr aparmağa haqqı yoxdur. Bu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdid və hörmətsizlikdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi Qarabağ hüquqi cəhətdən KTMT-nin məsuliyyət zonasına daxil deyil və heç kimə o səlahiyyət verilməyib ki, bizim daxili işlərimizə qarışsın. Biz ATƏT-in Minsk qrupundan bu məsələyə münasibət bildirməyi tələb etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB