Baş prokuror: "Vətəndaşlar ailə problemləri ucbatından intihar edir"

Baş prokuror: "Vətəndaşlar ailə problemləri ucbatından intihar edir"

"Təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycan qanunlarına hörmətlə yanaşmır. Bəzi QHT-lər rəsmi olaraq qeydiyyatdan keçmir, aldığı pullar barədə dövlət qurumlarına məlumat vermirlər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Baş prokurorun sözlərinə görə, bəzi QHT-lərin aldığı qrant vəsaitləri verilən məlumatda göstəriləndən qat-qat yüksək olur: "Xarici KİV orqanlarında çalışan jurnalistlər müvafiq müqavilələr bağlamır. Ona görə də mənim bütün QHT-lərə və jurnalistlərə müraciətim ondan ibarətdir ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar. Mövcud qanunvericiliyin tələblərini pozmasınlar. Əgər onlar havadarları vasitəsilə korrupsiya sxemlərinə davam edəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər".

Z. Qaralov Azərbaycanda intihar hadisələrindəki artım tendensiyası ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, ölkəmizdə intihar hadisələrindəki artım tendensiyası mövcuddur: "Baş verən hər bir intihar hadisəsi ilə bağlı rayon prokurorları dərhal hadisə yerinə çıxır, baxış keçirir, hər baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanılır. Bu, birbaşa həm qanunun tələbi, həm də onun göstərişi ilə edilir. İstintaq çərçivəsində baş verən intihar hadisəsinin səbəbləri tam ciddiliyi ilə araşdırılır. Baş verən intiharların müxtəlif səbəbləri var. Məlum olur ki, bəzi vətəndaşların psixi xəstəlikləri mövcuddur. Lakin onlar xəstə kimi vaxtında qeydiyyata alınmırlar. Eyni zamanda, vətəndaşlar mövcud ailə problemləri ucbatından intihar edir. Yəni səbəblər çoxdur. Bunlar ümumiləşdirilir və onlarla bağlı müvafiq icra orqanlarına, qurumlara təkliflərimizi veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə