Qadınlara qarşı zorakılıq halları müzakirə olundu

Qadınlara qarşı zorakılıq halları müzakirə olundu

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Qadına qarşı zorakılığın önlənməsi üzrə Baş məruzəçisi Sahibə Qafarova Tunisin Qadın, ailə və uşaq məsələləri üzrə naziri xanım Samira Meray Fria ilə görüşüb. SİA-nın məlumatına görə, "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin iclasında iştirak edən xanım nazir ilə Parlament Şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova arasında keçirilən görüşdə bu şəbəkə ilə Tunisin əməkdaşlıq imkanları müzakirə edilib. Tunisli nazir Sahibə Qafarovanın siyasi koordinator olaraq fəaliyyət göstərdiyi Parlament Şəbəkəsinin Avropa regionu ölkələrində, o cümlədən qonşu bölgələrdəki ölkələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu sahədə irəliləyişin təmin olunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.

Tunisdə hazırda bu sahədə böyük işlər barədə millət vəkilimizə ətraflı məlumat verən xanım nazir ölkəsinin parlamentinin də bu işdə faəl rol oynamaq istədiyini bildirmişdir. Məhz bu mənada "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsi daxilində ayrı-ayrı ölkə parlamentarlarının təcrübəsindən faydalanmağın əhəmiyyəti xüsusi vurğulanıb. Öz növbəsində millət vəkilimiz qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində ölkəmizdə görülən işlər və Milli Məclisin bu prosesdə oynadığı rola dair xanım naziri məlumatlandırıb.

Daha sonra xanım nazirin rəhbərlik etdiyi qurum ilə millət vəkilimiz siyasi koordinator olduğu Parlament Şəbəkəsi arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi olub.

Sonda bu istiqamətdə əməkdaşlığın formalaşdırılması üçün analoji görüşlərin və müzakirələrin davam etdirilməsi qərarlaşdırılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə