Novruz Məmmədov: “Azərbaycan Aİ ilə siyasi və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir” MÜSAHİBƏ

Novruz Məmmədov: “Azərbaycan Aİ ilə siyasi və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir” MÜSAHİBƏ

Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Novruz müəllim, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Siz bu səfərin əhəmiyyəti ilə bağlı nələri söyləyərdiniz?

- Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi. Bu səfər, əslində, Avropa Oyunları zamanı baş tutmalı idi. Ancaq həmin ərəfədə Yunanıstanla bağlı gərgin vəziyyət yarandı, böhranla əlaqədar Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. Bu səbəbdən Azərbaycan tərəfinə səfərin təxirə salınması ilə bağlı məlumat verildi.

Onu da diqqətə çatdırmaq istəyirəm ki, bu ilin əvvəlindən Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada fərqli mövqe müşahidə edilirdi. Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər içərisində Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində terrorizmə qarşı səmərəli mübarizə aparır, Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhyaratma missiyası çərçivəsində uğurlu əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir. Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha prnsipial formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən adekvat münasibət gözləyirik, amma çox təəssüf ki, uzun müddətdir ki, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına münasibətdə kiçik bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər kəskin reaksiya verirlər. Onlar unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər heç bir söz deməyiblər.

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində Assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər, amma həmin tənqidçilərdən biri də demədi ki, Assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə Assosiasiya sazişində bu göstərilir? Bunu həmin QHT-lər və ya ictimai fəal adlandırılanlar demədilər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində ardıcıl addımlar atılır, müstəqil siyasət uğurla davam etdirilir. Məhz son zaman baş verən proseslərin fonunda Qərb ölkələri anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli, qeyri-adekvat münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi. Məhz Donald Tusk etiraf etdi ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. O həm də bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

- Bir çox hallarda Azərbaycana qarşı ikili standartların şahidi oluruq. Təbii ki, bu cür hallar qəbuledilməz olmaqla yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin mahiyyətinə ziddir. Buna münasibətiniz necədir?

- Müstəqil siyasət həyata keçirən Azərbaycanda sabitlik, təhlükəsizlik qorunub saxlanmaqdadır. Eyni zamanda, dinamik inkişaf davam etməkdədir. Bütün bunlar bizim tarixi nailiyyətlərimizdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu amillər bəzi dairələri qıcıqlandırır, bizə qarşı qeyri-adekvat yanaşma ortaya qoyulur. Belə bir şəraitdə işğalçı Ermənistana dəstək verilir və işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmursa, biz buna sakit yanaşa bilmərik. Azərbaycanda insane hüquq və azadlıqları ilə bağlı Avropanın ən mühüm qəzetlərində məqalələr yazılırsa, niyə qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı Avropa və Amerika qəzetlərində belə məqalələr tapmaq olmur? Doğrusu, ikili standartlara söykənən belə mövqe başa düşülən deyil və müstəqil Azərbaycan bu cür cəhdləri qəbul etmir, öz inkişaf yolunda irəliləyir, milli maraqlara uyğun daxili və xarici siyasət həyata keçirir.

- Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Necə düşünürsünüz, bu səfərdən sonra münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmaq mümkün olacaq?

- Ümumiyyətlə, yarım il ərzində, bundan bir az da əvvələ getsək, hələlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində mühüm, gözəçarpan irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin də regiona son səfəri əslində elə bununla bağlıdır. Müəyyən yerlərdə müəyyən addımlar atılır, amma hələlik onların ortaya çıxardığı bir nəticə yoxdur. Yəqin ki, bunun səbəbi kimi həmsədrlər regiona səfər etdilər və səfər zamanı belə bir iradə nümayiş etdirdilər ki, tezliklə xarici işlər nazirlərinin, prezidentlərin görüşünü təşkil etsinlər və bəlkə onda irəliyə bir addım atıla bilər. Azərbaycan tərəfi, Azərbaycan Prezidenti də bununla bağlı görüşlərin heç birindən heç vaxt imtina etməyib və etmir. Amma Azərbaycan Prezidentinin bununla bağlı bir mövqeyi var. Mən görüşməyə hazıram, amma bu görüş görüş xatirinə olmasın. Azərbaycan gec-tez işğal altında olan torpaqlarını geri qaytaracaq. Biz gec-tez o torpaqları qaytaracağıq. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla onların gələcəyi yoxdur.

- Erməni hərbiçiləri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində bəzi dövlətlərin xarici şirkətlərin fəaliyyət göstərir. Rəsmi Bakı bu istiqamətdə hansı addımlar atır?

- Ümumiyyətlə Dağlıq Qarabağa icazəsiz gələnlər, orada müəyyən işlər görənlər (şirkətlər də daxil olmaqla) varsa, biz onları özümüzün tərtib etdiyimiz siyahıya salırıq və nəzərdə saxlayırıq. Biz bunu bu gün və gələcəkdə də imkanlarımız daxilində o fiziki və yaxud hansısa hüquqi şəxslərə qarşı addımlarımızı atacayıq və atırıq da. Yəni bu, normaldır. Bu addımları atanlar xüsusi olaraq Avropa ölkələrindən olduqları üçün biz öz mövqeyimizi bununla bağlı həmişə bildirəcəyik. Biz istəyimiz odur ki, ikili standart olmasın. Özü də bu, heç bir şeydə olmasın. Axı necə ola bilir ki, Dağlıq Qarabağın qondarma qurumuna yardımlar da göstərilir, onun qondarma prezidenti Bako Saakyana müxtəlif ölkələrdə şengen vizası da verilir. Bəs bunlar nə deməkdir? Onlar istədiklərini edirlər. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əlbəttə ki, normal təsir göstərməyəcək. Biz bunları qəbul etmirik.

- Türkiyə sərhəddində "İŞİD"çilərlə Türk əsgərləri arasında atışma baş verib. Bu, Türkiyənin Suriya böhranına sürüklənməsinə gətirib çıxara bilər?

- Suriyada baş verən proseslər, İraq Şam İslam Dövlətinin fəaliyyəti Türkiyənin qonşuluğunda (İŞİD) baş verir. Digər proseslər də əlaqəli olaraq Türkiyəyə təsir edir. Ona görə də Türkiyə hökumətinin qərar qəbul edərək İŞİD-ə qarşı addım atması normal haldır. Baş verənlərin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var. Türkiyə "İŞİD"-ə qarşı bu addımları zamanında atır. Çünki iş o yerə gəlib çatıb ki, "İŞİD" terrorçuları Suriya-Türkiyə sərhədində Türkiyə Silahlı Qüvvələrinin bir zabitini də şəhid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə