Əli Həsənov KİV rəhbərləri ilə görüşdü YENİLƏNİB

Əli Həsənov KİV rəhbərləri ilə görüşdü YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, KİV-lərin rəhbərləri iştirak edib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbiri açıq elan edərək Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına sayılı günlər qaldığını diqqətə çatdırıb: "Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi birbaşa ölkə tarixinə yazılacaq hadisədir. Bu hadisəyə kimin necə münasibət bildirməsindən asılı olmayaraq Azərbaycan bu mötəbər tədbiri ən yüksək səviyyədə keçirəcək, əlehimizə aparılan kampaniya isə müvəqqətidir. Avropa Oyunları Azərbaycan tarixinə sözün həqiqi mənasında mühüm bir hadisə kimi yazılacaq. Necə ki, biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik, dünyanın kosmik dövlətləri sırasına post-Sovet məkanı ölkələri arasında birincilərdən biri kimi qatıldıq, eynilə də ilk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm bir hadisədir. Bütün redaktorlarımızı, KİV-də çalışanları, bütün jurnalistləri təbrik edirəm. Bu kampaniyaya verdiyiniz dəstəyə görə, ayrıca sizə təşəkkür edirəm".

PA rəsmisi Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncamın önəmindən də danışıb: "Bu sərəncamın imzalanması dövlət başçısının milli mətbuatımıza və Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasında medianın oynadığı rola verdiyi önəmin göstəricisidir. Bugünkü görüşün məqsədi də həmin sərəncamdan irəli gələn məsələləri müzakirə etməkdir. Müstəqil Azərbaycanın inkişafında, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşması, qorunması və təbliğində medianın oynadığı rola verdiyi qiymətdir. Ona görə də düşünürük ki, bu sərəncamın reallaşdırılması ərəfəsində sizinlə görüş keçirək və bu sərəncamdan irəli gələn bəzi məsələləri sizinlə birlikdə müzakirə edək. Bildiyiniz kimi sərəncamda Prezident Administrasiyasına xüsusi tapşırıq verilib ki, Azərbaycan Mətbuat Şurası və KİVDF ilə birlikdə tədbirlər planı hazırlasın və onu həyata keçirsin. Bilirsiniz ki, bu tədbirlər planı ilə bağlı bizim ötən dövrlərdən təcrübəmiz var. Azərbaycan mətbuatının 130-135 illik yubileylərinin keçirilməsi bizim hər birimizin gözü önündə baş verib".

MŞ sədri Əflatun Amaşov deyib ki, son illərdə media yubileylərinin keçirilməsi Azərbaycanda bir ənənə halını alıb: "Təbii ki, bunun da əsası düz 15 il bundan öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 2000-ci il martın 27-də Azərbaycan Milli Mətbuatının yaranması ilə bağlı sərəncam imzalandı. Həmin sərəncamdan sonra bu kimi tədbirlərin keçirilməsinə başlanıldı".

Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyevin bu günkü sərəncamı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu xoş ənənənin davamlılığından xəbər verir: "Sərəncam fundamental xarakter daşıyır. Sənəd medianın cəmiyyət həyatındakı roluna verilən böyük dəyərdir. Orada 140 illik yola kifayət qədər sistemli yanaşılıb. Bir növ, keçmişlə müasirliyin vəhdəti əsas xətt kimi götürülüb. Xüsusən də jurnalistikanın tarixi milli özünüdərk proseslərindəki, hazırkı dövrdə isə demokratik dövlət quruculuğundakı önəmi vurğulanıb. Bütün bunlar həm mediaya etimad, həm də cəmiyyətə medianın dəyəri ilə bağlı mesajdır. Dövlət başçısının belə həssas yanaşması biz jurnalistlər üçün son dərəcə vacibdir".

Sonra yenidən çıxış edən PA-nın şöbə müdiri Əli Həsənov xarici ölkələrdə Azərbaycana qarşı "qara piar" aparan saytların hazırlanması, sosial media vasitəsilə təhqiredici materialların yazılması ilə bağlı fikirlərə münasibət bildirib: "Əgər doğrudan da Qərbin təlqin ediyi demokratiya budursa, biz, Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik. Onlar özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər. Onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin "5-ci kalon" rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsi ilə antikampaniya aparırlar. İkili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilk öncə birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb: "Bu Oyunlar bütün Azərbaycan xalqı üçün bayramdır, fəxarətdir. Sizin hər birinizi bu bayram münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Meda nümayəndələri üçün iki qat bayramdır. İlk Avropa Oyunlarında sonra Milli Mətbuatın 140 illiyi ilə bağlı keçiriləcək tədbirlərə start verəcəyik. İyunun 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Biz o sərəncamdan irəli gələn məsələləri həll etmək üçün tədbirlər planı hazırlamalıyıq və PA-nın rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiqinə verməliyik. Ümumiyyətlə milli mətbuata və onun inkişafına Azərbaycanda çox böyük qayğı var. Mətbuat dövlət başçısının daim diqqət mərkəzindədir. Bu yubileylərin ilk başlanğıcı, təməli, geniş təntənəli formada keçirilməsi 2000-ci ildə Milli Mətbuatın 125 illiyi ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilib. Ondan sonra Ulu Öndərin davamçısı cənab İlham Əliyev (130, 135 və 140) bunu davam etdirib".

Daha sonra KİV rəhbərləri tədbirlər planından irəli gələn məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev ölkə başçısı tərəfindən mətbuata göstərilən diqqət və qayğını yüksək qiymətləndirib: "Ümumiyyətlə bütün dövrlərdə cənab Prezidentimizin fəaliyyət istiqamətlərindən biri də vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaqdır. Təklif edərdim ki, Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı keçiriləcək silsilə tədbirlərdən birini də Naxçıvan MR-da təşkil edək. Bu təklif artıq bir neçə dəfə bizim baş redaktorlar arasında müzakirə olunub. Digər bir məsələ, uzun illər - 20-25 il mətbuatda çalışan texniki işçilər mükafatdan kənarda qalırlar. Məsələn, "Səs" qəzetində 20-25 il xidməti olan insanlar var ki, onlar texniki işçilərdir və həmin işçilərin adını dövlət mükafatları alanların siyahısına sala bilmirik. Təklifim isə budur ki, onların da mükafatlandırılması üçün hansısa kriteriyalar nəzərdə tutulsun".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bu cür tədbirlərdən birinin də Tiflisdə keçirilməsi təklifi ilə çıxış edib.

Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Şamil Vəliyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət, Publika.az saytının rəhbəri Aynur Camalqızı, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digərləri çıxış edərək tədbirlər planından irəli gələn məsələlərlə bağlı təklif və tövsiyyələrini veriblər.

Tədbirə diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə