Aydın Mirzəzadə: “Bu, Azərbaycandan çox Ermənistana lazımdır” AÇIQLAMA

Aydın Mirzəzadə: “Bu, Azərbaycandan çox Ermənistana lazımdır” AÇIQLAMA

"Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağın həlli üçün real baza var və bunu hamı etiraf edir" adlı bəyanatı artıq Rusiyanın da məsələyə ciddi yanaşmasından xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, əsas vacib olan amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birinin bu bəyanatı verməsidir: "Rusiya dövləti sıradan bir həmsədr deyil. O, regionun aparıcı dövlətlərindəndir. Rəsmi Moskva Ermənistanla çox sıx münasibətləri olan bir dövlətdir. Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağın həlli üçün real baza var və bunu hamı etiraf edir" adlı bəyanatı artıq Rusiyanın da məsələyə ciddi yanaşmasından xəbər verir. Yəni bu gün DQ-nın həlli yalnız bir faktordan asılıdır. O da Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarının çıxarmasıdır. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Dağlıq Qarabağa yüksək muxtariyyətin verilməsinə və erməni icmasının hüquqlarının qorunmasına Azərbaycan tərəfindən tam təminat verilir".

A.Mirzəzadə əlavə edib ki, Azərbaycan Rusiya tərəfini bu münaqişənin həllində özünün imkanlarından daha fəal şəkildə istifadə etməyə çağırır: "Münaqişənin həll edilməməsi isə bir çox faktorlardan asılıdır. Birincisi, Ermənistan rəhbərliyində olan siyasi qrupun hakimiyyətə məhz Qarabağ dalğasında gəlməsidir. İkincisi, Ermənistan dünyada yeganə ölkədir ki, ölkəni ölkə rəhbərliyi deyil, xaricdəki diaspor üzvləri idarə edir. Yəni bu gün Azərbaycan Ermənistanın arxasındakı bir sıra qüvvələrlə üzbəüz durmuş olur. Ancaq real vəziyyət bu gün problemin həllini tələb edir. Problemin həlli tələbi Azərbaycandan daha çox Ermənistana lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə