Müsavada status-kvo dəyişdirilərsə... AÇIQLAMA

Rövşən Dəmirli: “Orada Arif Hacılıya biət edən insanlar təmsil olunurlar”
Müsavada status-kvo dəyişdirilərsə... AÇIQLAMA

"Müsavat Partiyasını elə bir vəziyyətə gətirib çatdırıblar ki, orada yalnız qrup maraqları üstünlük təşkil edir. İmkan yaratmırlar ki, kimlərsə gəlsin partiyanın güclənməsinə öz tövfələrini versin". Bu fikirləri SİA-ya partiyanın Suraxanı rayon təşkilatının sabiq sədri, hazırda siyasi fəaliyyətini Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) davam etdirən Rövşən Dəmirli ötən gün daha bir neçə nəfərin təşkilat sıralarından çıxmasının səbəblərinə aydınlıq gətirərkən deyib.

Rövşən Dəmirli qeyd edib ki, orada artıq keçmiş müsavatçılıq prinsipindən söhbət gedə bilməz: "Partiya sıralarından istefa verənlər də dəfələrlə bunu bəyan ediblər. Hazırda Müsavat Partiyası bəlli bir qrupun əlində cəmləşib".

Rayon təşkilatının keçmiş sədri həmçinin bildirib ki, istefa verənlərin əksəriyyəti 2003-cü ildə İsa Qəmbəri dəstəkləyənlər və həbs olunanlar olublar: "Suraxanı rayon təşkilatından istefa verən üç nəfər 2003-cü ildə İsa Qəmbərin prezidentliyə namizədliyi döründə canından, qanından, sağlamlığından keçən insanlardır. Onlar istefa verməyə məcbur idilər. Çünki görürlər ki, bu təşkilatda heç kimə dəyər vermirlər. Orada Arif Hacılıya biət edən insanlar təmsil olunurlar. Ona görə də, Müsavatda gələcəklə bağlı perspektivlər yoxdur".

ADR təmsilçisi həmçinin onu da qeyd edib ki, Müsavatdan istefa verənlər əsasən ADR hərəkatına qoşulurlar. Dəmirli artıq sabiq başqan İsa Qəmbərə də inamlarının olmadığını deyib: "Bu gün ADR-in sıraları genişlənir. Heç kim Müsavata yenidən qayıtmaqla bağlı düşünmür. İndiki vəziyyətdə bu mümkün deyil. Narazıların, o cümlədən də mənim fikrimcə əgər İsa Qəmbər bu işə müdaxilə etsə, Arif Hacılı istefaya getsə və köhnə status-kvo yaranarasa o zaman istefa verən və yaxud da çıxarılan insanlar yenidən partiya sıralarına qayıda bilər. Amma bu gün belə bir amil gözə çarpmır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə