Prezident: “Günahkarlar cəzalandırılacaq”

Prezident: “Günahkarlar cəzalandırılacaq”

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, dövlət başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib.

Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident İlham Əliyev bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir: "Onu qeyd etməliyəm ki, hal-hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur. Bəzi məlumatlara görə, bu, 200-dən çoxdur. Artıq dünəndən etibarən Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiziya keçirilsin, o materilların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları çıxarılsın, sökülsün. Beləliklə də heç bir təhlükə olmasın. Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. İndi mənə müxtəlif məlumatlar gəlir. Bəzi hallarda bu məlumatlar ziddiyət təşkil edir. Ona görə də burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar və günahkarlar kimdir. Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq".

Prezident İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib: "Hər kəs bundan nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək".

Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı məlumat veriblər.

Prezident İlham Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə