Ali Babacan: “İlham Əliyev “G-20” liderlərinin arasında olacaq” AÇIQLAMA

Ali Babacan: “İlham Əliyev “G-20” liderlərinin arasında olacaq” AÇIQLAMA

"Azərbaycanın paytaxtında olmaqdan məmnunuq. Türkiyədən Bakıya hər səfər etdiyimizdə Bakının dəyişdiyini görür, buna sevinirik. Bakı artıq beynəlxalq şəhərə çevrilib". Bu sözləri Türkiyə baş nazirinin müavini Ali Babacan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən "G-20" Azərbaycan Regional Məsləhət Forumu zamanı deyib. O qeyd edib ki, Azərbaycan hər keçən gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Türkiyə Azərbaycanın inkişafına dəstək olmaq üçün "G-20" çərçivəsində Azərbaycanı qonaq qismində dəvət edib. Azərbaycan Prezidenti Noyabrda Antalyada keçiriləcək liderlərin toplantısında iştirak edəcək: "Keçən həftə Bakıda III Qlobal Forum keçirildi. İyunda 6 min idmançının qoşulacağı Avropa Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Bütün bu inkişafı biz də yaxından izləməkdəyik. Azərbaycan böyüməyə davam edir və gələcək illərdə də inkişafına əminik. Azərbaycan artıq bölgə ölkələrinin iqtisadiyyatına da dəstək verəcək bir mövqeyə sahibdir. "G-20" daxilində bu birliyə rəhbərlik edən ölkənin digər bir ölkəni qonaq olaraq dəvət etmə haqqı var. Biz Türkiyə olaraq, bu haqqı Azərbaycan üçün istifadə etdik. Azərbaycanın "G-20" çərçivəsində tədbirlərə qatılmasının ölkənin inkişafına xüsusi dəstək verəcəyini düşünürük. Azərbaycan da Noyabrın 15- 16-da Antalyada keçiriləcək "G-20" liderlərinin zirvəsində iştirak edəcək. Prezident İlham Əliyev də həmin liderlərin içərisində olacaq".

Ali Babacan onu da qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında ticarət həcmi böyüməkdədir. Ermənistan işğalçılıq siyasətində əl çəksəydi, o da bu tip layihələrdə iştirak edə bilərdi: "Qarşılıqlı ticarət həcmimiz keçən il 5 milyard dollar səviyyəsində olub. Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdiyi layihələr var. Bakı Tbilisi Ceyhan boru xətti və Bakı Tbilisi Ərzurum təbii qaz xəttini həyata keçirmişik. TANAP və TAP layihələri də önəmli bir işbirliyin təməli deməkdir. Azərbaycan tarixən Cənubi Qafqazda təbii ehtiyatlarla zəngin ölkədir. Azərbaycanın bu bölgədə stratejik əhəmiyyəti daha da artıb, bölgədə güc sahibidir. Biz bu potensialdan istifadə etməsi üçün hər zaman Azərbaycanın yanındayıq. 3 tərəfli həyata keçirilən hər bir işbirliyində Azərbaycan mütləq yer alıb. Bütün bunlarla biz istəyirik ki, birlikdə hərəkət edək. Ermənistan isə işğal siyasəti ilə bütün layihələrdən kənarda qalır. Ermənistan normal iqtisadiyyatı bərpa etmək istəyirsə, işğalçılıqdan əl çəkməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə