Bu gün Lənkəranda Heydər Əliyev Mərkəzində YAP Lənkəran şəhər Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər Təşkilatının sədri İlqar Dadaşov sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Natiq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına nail olunub, eləcədə, xalqımız müstəqillik arzularını gerçəkləşdirib. Məhz Ulu Öndərin məqsədyönlü və dərin düşünülmüş siyasəti, əzmkar fəaliyyəti nəticəsində dövlətimizin geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub.
Konfransda eləcə də, YAP Lənkəran şəhər Təşkilatının sədr müavini Əlimərdan Əliyevin, Mamusta kənd xəstəxanasının baş həkimi Şakir Qasımovun, Şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırovun və digərlərinin çıxışları dinlənilib. Çıxış edənlər birmənalı olaraq bildiriblər ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz xalqın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ulu Öndərin misilsiz xidmətlərindəndir. Ulu Öndərin uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərib. Konfransın sonunda bir daha vurğulanıb ki, bu gün hər bir vətən övladı dərk etməlidir ki, ölkəmiz əldə etdiyi bütün bu uğurlara görə məhz Ulu Öndər Heydər Əliyevə borcludur.
Konfransda Prezident Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov iştirak edib.
Sərraf Mirsəfəroğlu








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB