Bu gün Azərbaycan Universitetində "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 23 may Dünya kitab günü ilə əlaqədar olaraq Azərbaycan Yazıçılar Birliyinin katibi, "Şöhrət" ordenli xalq yazıçısı Çingiz Abdullayevlə tələbələrin görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan universitetinin rektoru Fərid Əhmədov, "İrəli" İctimai Birliyi sədrinin müşaviri Orxan Məmmədli iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "İrəli" İctimai Birliyi sədrinin müşaviri Orxan Məmmədli bildirib ki, artıq İB-nin nəzdində "Könüllü Kitabxana" fəaliyyət göstərir. Qeyd edilib ki, "Könüllü Kitabxana"nın əsas məqsədi oxucuları kitablarla təmin etməklə yanaşı, oxucuların bir-biriləri ilə kitablarını bölüşməsini təmin etməkdir: "Hər bir insan özünə və cəmiyyətə faydalı ola biləcək potensiala malikdir. Faydalı olmağa kitablarınızı bölüşməklə başlaya bilərsiniz. Kitabxanada müxtəlif janrlarda olan kitablar, əsərlər, jurnallar və Azərbaycan tarixini və mədəniyyətini əks etdirən kitablar mövcuddur. Kitabxanadan istifadə tam ödənişsizdir".
O.Məmmədli diqqətə çatdırıb ki, "Könüllü Kitabxana"dan yararlanmaq və kitabların daha çox insan tərəfindən oxunmasını istəyənlər öz kitablarını bizimlə bölüşə bilərlər.
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov isə çıxış edərək deyib ki, universitetdə mütəmadi olaraq tanınmış şair və yazıçılarla tələbələrin görüşü təşkil olunur. Xalq yazıçısı haqqında geniş məlumat verən rektor deyib ki, Çingiz Abdullayevin əsərləri Azərbaycanda və dünyada özünəməxsus yeri tutur: "Ç.Abdullayev ölkəmizdə və xaricdə tanınır və dəyərləndirilir. Görkəmli yazıçının bu günə kimi 170-dən çox kitabı çapdan çıxıb, əsərləri 28 dilə tərcümə edilib və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və s. ölkələrdə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr olunub. Ədibin 600-dən çox kitabı dünyada yayılıb".
Tədbirdə çıxış edən Ç.Abdullayev dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışıb, öz yaradıcılığı, yazdığı kitablar və onları yazarkən rastlaşdığı maraqlı hadisələr barədə ətraflı məlumat verib. O, Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ölkələrinə çatdırılması üçün ölkə yazıçılarının əsərlərinin xarici dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb. Azərbaycanın xalq yazıçısı olduğundan fəxr hissi keçirdiyini deyən Ç.Abdullayev müxtəlif dillərdə nəşr olunan kitablarından danışmaqla bərabər həm də tələbələrə vətənpərvərlik ruhunda tərbiyə olunmağı, intellektual səviyyələrini daim yüksəltməyi, dünyagörüşlərini məhz mütaliə ilə genişləndirməyi tövsiyə edib.
Görkəmli yazıçı tələbələrlə görüşündən məmnun olduğunu bildirib, AU-nun rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və ona ünvanlanan sualları ətraflı şəkildə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB