Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin yeni inzibati binası istifadəyə verilib. SİA-nın məlumatına görə, açılış mərasimində SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, xidmətin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin sədri Şahvələd Əliyev və xidmətin əməkdaşları iştirak edib.
SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov açılış mərasimində çıxış edərək deyib ki, qurum 3 il bundan öncə yaranıb: "Artıq xidmətin əməkdaşları qurumun yaranmasının 3 illiyini qeyd etməyə başlayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasəti bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən bu gün bütün sahələrdə aparılan islahatlar, həyata keçirilən siyasət Respublikanın regionlarında deyil, ümumiyyətlə keçmiş post-Sovet ölkələri arasında və dünyanın bir sıra ölkələrindən də qabağa keçməkdə böyük imkan yaradıb. Azərbaycan Prezidenti tərəfindən xidməti fəaliyyəti nəzarətdə saxlanılan qurum günü-gündən öz sözünü deyir və yeni-yeni nəticələrə imza atır".
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov diqqətə çatdırıb ki, SHXÇDX-nin Nizami rayon idarəsinin yeni inzibati binasının istifadəyə verilməsi rayonun ictimai-siyasi həyatında çox mühüm hadisədir: "Bu binanın istifadəyə verilməsi ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda apardığı siyasətin və on ildən artıq bir müddətdə ölkədə həyata keçirilən böyük sosial-iqtisadi islahatların, quruculuq işlərinin növbəti təzahürüdür. Son 5 ildə Nizami rayon ərazisində bir sıra dövlət orqanlarının inzibati binaları tikilib istifadəyə verilib. Eləcə də 5 ildə Milli Təhlükəsizlik Nazirliyinin Nizami rayon idarəsinin inzibati binası, Daxili İşlər Nazirliyinin Nizami rayon Polis idarəsinin inzibati binası və s. istifadəyə verilib. Hal-Hazırda da rayon ərazisində Dövlət Statistika Komitəsinin və digər dövlət qurumlarının da inzibati binalarının tikintisi davam etdirilir. Bu, ölkə başçısının yürütdüyü siyasətin tərkib hissəsidir".
Daha sonra binanın köhnə inzibatı binasının foto-stendlərinə baxış keçirilib və yeni inzibati binanın açılışı olub.
Qeyd edək ki, Nizami rayon idarəsinin yeni inzibati binasının tikintisinə 2012-ci ilin dekabr ayında başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə