Müsavat funksionerinin ümidsizliyi

Müsavat funksionerinin ümidsizliyi

"Qubad İbadoğlunun Müsavat Partiyasından uzaqlaşdırılmasında konkret heç bir faktdan istifadə olunmayıb". Bu fikirləri SİA-ya Müsavat funksioneri Tural Abbaslı ADR Hərəkatının sədri, Müsavat Partiyasından çıxarılan Qubad İbadoğlu barədə Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) edilən müraciətin hansı cavabla nəticələnə biləcəyi ehtimalına münasibət bildirərkən deyib.

"Bu qərarı nə partiyanın Nizamnaməsinə, nə də siyasi düşüncəsinə uyğun hesab etmirəm"-deyə qeyd edən Tural Abbaslı bildirib ki, qurultayda ən azı seçicilərin 45-46 faiz səsini toplamış bir namizədin partiyadan bu və ya digər səbəblərdən uzaqlaşdırılması gərginliyi artırır: "Bu baxımdan da mən MNTK-ya şikayət ərizəsi verdim və orada da bütün məsələləri göstərmişəm. Nizamnamə pozuntusunun bərpa olunması və Divanın qərarının ləğv edilməsi ən əsas istəyimdir".

Müsavatçı funksioner həmçinin qeyd edib ki, onun MNTK-ya müraciətindən sonra bir iclas keçirilsə də, ona münasibət bildirilməyib: "Bir iclas keçirilib, amma şikayətimə baxılmayıb. Növbəti iclasda mənim şikayət ərizəmə baxılacağına inanmaq istərdim. Hesab edirəm ki, bu müddət ərzində partiyadaxili gərginliyi, cəmiyyətdə partiya haqqında rəyləri də nəzərə almaqla Divanın uğursuz qərarına ləğv etməlidirlər. Buna isə ümidim xeyli azdır. Eyni zamanda, öncədən məsələni korrektə etməyi, nəticəyə gəlməyi siyasi etikadan kənar kimi qiymətləndirirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə