2 fevral Gənclər Günü münasibəti ilə "İrəli" İctimai Birliyi "İradio" – Gənclərin radiosunu gənclərə təqdim edib. SİA-nın məlumatına görə, təqdimat mərasimində "İrəli" İB-nin rəhbəri Mirhəsən Seyidov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, fəal gənclər və media nümayəndələri iştirak edib.
Açılış mərasimində çıxış edən "İrəli" İB-nin rəhbəri Mirhəsən Seyidov deyib ki, bu gün Azərbaycanda Gənclər günü böyük coşqu ilə qeyd olunur: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin aparılmasında proses olaraq "İrəli" İB-nin də kiçik bir töhfəsi var. Təbii ki, Azərbaycanda aparılan gənclər siyasətində sizin və bizim kimi gənclərin xidmətləri danılmazdır".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkəmizdə müxtəlif əlamətdar günlər var. Amma bunların içərisində Gənclər günü həmişə özünəməxsus şəkildə qeyd edilir. Hətta gənclərlə bağlı tədbirlərin çoxluğu belə onu göstərir ki, burada həm gənclərimiz çox aktivdir, həm də dövlətimizin gənclərə çox böyük diqqəti və qayğısı var. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə diqqətə çatdırıb ki, "İrəli" İB Azərbaycanda özünəməxsus yer tutan gənclər təşkilatıdır: "Arzum odur ki, siz bu adı özünüzə örnək tutaraq hər zaman irəlidə olasınız. Azərbaycanda gənclər xüsusi bir təbəqədir. Təbii ki, bu da ondan irəli gəlir ki, Azərbaycan hökuməti, iqtidarı, cənab Prezident İlham Əliyev bugünkü gəncliyə elə-belə yanaşmır. Çünki bugünkü gənclik Azərbaycanın sabahıdır".
Daha sonra bir qrup aktiv gəncə fəxri fərmanlar təqdim olunub. Bundan sonra isə "İradio"- Gənclərin radiosunun açılışı olub. "İradio"nun ilk qonaqları Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov olub.
Qeyd edək ki, "İradio"da işləmək üçün 100-dən çox gənc müraciət edib. "İradio"-da işləmək üçün seçilən gənclərə mütəxəssislər tərəfindən təlimlər keçirilib. "İradio" gənclər üçün 10 yeni veriliş hazırlayıb. "İradio" "İstintaq davam edir", "Kimsən sən", "Bənövşəyi mandarin", "Aysberg", "25-ci kadr", "3 Nöqtə", "Mənim universitetim", "Fashion", "Xəbər gənc", "Karaoke vaxtı" verilişlərini siz gənclərə təqdim edəcək. Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir. İradio olaraq əsas hədəflərimiz: - informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq - müasir media sahəsində öz yerini tutmaq, - gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq - milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək - hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq - bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır. İradio olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır. Eyni zamanda www.iradio.az saytıda gənclərə təqdim olunub. İradionun yayımlanma vaxtı: həftənin 7 günü, 24 saatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB