Millət vəkili: "Əxlaqa zidd xəbərlərin yayımlanmasına son qoyulmalıdır" MÜNASİBƏT

Millət vəkili: "Əxlaqa zidd xəbərlərin yayımlanmasına son qoyulmalıdır" MÜNASİBƏT

4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın həbsxanada ana olması ilə bağlı yayılan xəbər gündəmin ən vacib mövzularından biri oldu. Şəxsi həyata aid məsələnin mətbuatda işıqlandırılması, sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilməsi nə dərəcədə doğrudur?

Bununla bağlı "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev SİA-ya açıqlama verib: "Şəxsi həyatla bağlı məlumatın mətbuatda yer alması qəti şəkildə yol verilməzdir. Bu, mənəvi cinayətdir. İnsanın razılığı olmadan onun şəxsi həyatına aid məsələlərin ictimailəşdirilməsi yol verilməzdir. Bunu mənəvi terror hesab edirəm və insanların cəmiyyətə etimadını qırır. Təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlar bəzi media orqanları Azərbaycan cəmiyyətinin sosial, iqtisadi həyatında mövcud olan problemləri, xüsusilə Dağlıq Qarabağ məsələsinin həlli prosesinin hazırkı şəraitdə analizlərin aparılmasını, meydana çıxan qüsurları izah edib, camaata çatdırmaq lazımdır. Bu cür məsələlərə toxunmaqdansa, lazımsız mövzuların işıqlandırılmasına üstünlük verilir. Düşünürəm ki, belə asan yolla qazanılan reytinq hər hansı mətbuat orqanına ciddi imic gətirmir. Sadəcə olaraq bu gün var olub, sabah olmayan və insanlar tərəfindən xatırlanmayan ziyanlı bir işdir. Belə mətbuat orqanlarına müraciət edirəm ki, ucuz və asan yolla sensasiya ilə məşhurlaşmaqdan imtina etsinlər".

Millət vəkili Kamilə Əliyeva bu cür məlumatların mediada işıqlandırılmasının tamamilə əleyhinə olduğunu vurğulayıb: "Təəssüf ki, mətbuatda bu cür xəbərlərə də yer verilir. Kütləvi informasiya vasitələrində belə əxlaqa zidd xəbərlərin yayımlanmasına son qoyulmalıdır".

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı: "Hesab edirəm ki, bu hüquq mühafizə orqanlarının işidir. Araşdırılıb təhqiqat aparılacaq. Bununla bağlı hər hansı cinayət işi varsa sözsüz ki, reaksiya bildiriləcək. Ancaq Azərbaycan mentalitetinə yaraşmayan belə məsələlərin, həmçinin heç bir fakt olmadan mətbuatda yayılmasını düzgün saymıram. KİV-də hər cür informasiya yayıla bilər. Lakin əndazədən çıxmış formada müzakirə edilməsi yanlışdır".

Qeyd edək ki, Lamiyə Quliyeva cinayət törətdiyi üçün 2003-cü ilin may ayından həbs edilib. Məhkəmənin hökmü ilə Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. L.Quliyevanın həbs müddəti başa çatsa da, azadlığa buraxılmayıb. Buna səbəb kimi isə onun müəssisədə məhkumlardan biri ilə mübahisə etməsi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə