YAP-ın icra katibi: “YAP hər bir seçki kampaniyasına ciddi hazırlaşır”

"Biz seçicilərin rəğbətini qazananların namizədliyini irəli sürürük"
YAP-ın icra katibi: “YAP hər bir seçki kampaniyasına ciddi hazırlaşır”

"Yeni Azərbaycan Partiyasının formalaşmış ənənəsi ondan ibarətdir ki, biz seçkilərə seçkilər başlamazdan xeyli əvvəl hazırlaşmağa başlayırıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə YAP-ın parlament seçkilərinə hazırlıqlarından danışan Baş nazirinini müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini–icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələrin çoxlu səbəbləri içərisində YAP-ın hər bir seçki kampaniyasına ciddi hazırlaşması da daxildir: "Əlbəttə hazırlıq proseslərində bir çox məsələlər, o cümlədən Yeni Azərbaycan Partiyasını təmsil etməli olan insanlar müəyyənləşdiriləcək. Amma bu ciddi araşdırmalar nəticəsində olacaqdır".

Ə.Əhmədov deyib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı və seçiciləri qane edir: "Növbəti parlament seçkilərində bu, mütləq nəzərə alınacaq. Bütövlükdə biz həmişə o mövqedən çıxış etmişik ki, Yeni Azərbaycan Partiyasını layiqincə təmsil etməyə qadir olan, Azərbaycan seçicilərinin rəğbətini qazana biləcək insanların namizədliyini irəli sürürük ki, seçki prosesində layiqli kampaniya aparıb seçicilərin səslərini qazana bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə