Politoloq: “Azərbaycan və Almaniyanın münasibətləri dinamik inkişaf tempinə malikdir”
"Almaniyaya Azərbaycan Prezidenti İlham Əliyevin işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisədir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Almaniyanın münasibətləri dinamik inkişaf tempinə malikdir: "Almaniya Avropa İttifaqının əsas iki lokomotiv dövlətindən biridir. Azərbaycan isə Avropa İttifaqı ilə çox sıx əlaqələrə malikdir. Xüsusi ilə də Cənub Qaz Dəhlizi Layihəsinin reallaşması baxımından Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşıdır. Bu istiqamətdə çox vacib bir memorandum imzalanıb. Bu baxımdan Almaniya həm Avropa İttifaq, həm də ikitərəfli əlaqələrin inkişafı baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır".
Politoloq qeyd edib ki, Azərbaycan da Almaniya ilə əlaqələrin inkişafında maraqlı olub: "Hətta Azərbaycan Almaniyanın ATƏT-in Minsk qrupunda həmsədr kimi çıxış etməsinin təşəbbüsçüsü olub. O zaman Ermənistanın etirazı ucbatından bu reallaşa bilmədi. Bu gün heç kimə sirr deyil ki, erməni lobbisi və diasporasının ən zəif olduğu yerlərdən biri də Almaniyadır. Yəni bu baxımdan Almaniya Fransa deyil".
E. Nəsirov hesab edir ki, Almaniya ilə tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycan üçün olduqca vacibdir: "Almaniya enerji istehlak edən dövlət olduğundan o da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xüsusilə də iki dövlət arasında biznes əlaqələrinin inkişafı üçün geniş imkanlar var. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB