Professor: “Erməni dairələri türk cəmiyyətini daxildən parçalamağa çalışırlar”

Professor: “Erməni dairələri türk cəmiyyətini daxildən parçalamağa çalışırlar”

"Tarixdə "erməni soyqırımı" deyilən bir şey olmayıb. Bu, ermənilərin uydurma "Böyük Ermənistan" qurmaq niyyətlərinə çatmaq üçün süni surətdə yaratdıqları yalan təbliğat vasitəsidir". Bunu SİA-ya millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

M. Qasımlı bildirib ki, əslində Birinci Dünya müharibəsinin gedişində - 1914-1918-ci illərdə soyqırımı çarizmin maliyyə və təşkilati dəstəyi ilə qurulmuş erməni silahlı dəstələri, 1918-1920-ci illərdə isə daşnak Ermənistanı dövlət səviyyəsində türklərə, azərbaycanlılara qarşı həyata keçirib: "1918-ci ildə erməni silahlı dəstələri soyqırımı Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində həyata keçiriblər. Soyqırımın zirvə nöqtəsi 1918-ci ilin martında Bakıda olub. SSRİ dağıldıqdan sonra Ermənistan Respublikası soyqırımı və terroru yenidən dövlət siyasətinə çevirib. Bu dövrdən etibarən törədilən soyqırımların zirvəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda olub. Bununla da Ermənistan Respublikası dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib".

Millət vəkili vurğulayıb ki, ermənilərin uydurma anım tədbirlərinin keçirilməsinə dair iddiaları tarixi gerçəkliyi qətiyyən əks etdirmir, yalandır: "Burada konkret siyasi məqsədlər vardır: Türkiyənin uydurma "soyqırımı tanıması"na nail olmaq, təzminat olaraq torpaq tələb etmək, "Böyük Ermənistan" qurmaq üçün yeni bir addım atmaq, Osmanlı dövlətinin guya soyqırım törətdiyini deyərək, türk xalqının mənfi imicini yaratmaq və türk insanını psixoloji təzyiq altında saxlamaq və s".

M. Qasımlı deyib ki, tədbirlərin keçiriləcəyi ölkələrin sırasında Türkiyənin adının çəkilməsi əbəs yerə deyil: "Türk hökumətinin davranışı göstərir ki, belə tədbirlər İstanbulda keçiriləcəkdir. Erməni dairələri türk cəmiyyətini daxildən parçalamağa çalışırlar. Adı və soyadı türk olan, əslində etnik kimliyi bilinməyən alim və yazıçılarından, mədəniyyət adamlarından istifadə edirlər. Ermənilər Türkiyənin onlara torpaq verməyəcəyini yaxşı bilirlər. Ona görə də uydurma 100 illikdən istifadə edərək özlərinin tarixən formalaşdırdıqları əzabkeş obrazını möhkəmləndirməyə, işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf əraziləri əllərində saxlamaq üçün yalanlar əsasında dünya ictimai rəyini formalaşdırmağa çalışacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə