BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin SİA-ya mesahibəsi
- Elçin bəy, ABŞ eksperti Devid Merkel bəyan edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini aydın şəkildə bəyan etməlidir. Sizcə, bu kimi daxili etirazlardan sonra ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsinə olan ikili yanaşmasını dəyişə bilərmi?
- Bu birmənalı şəkildə doğru yanaşmadır. Çünki ABŞ Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə tamamilə fərqli bir müstəvidən yanaşır. Birmənalı şəkildə bəyan edir ki, həmin dövlətlərin ərazi bütövlüyü bərpa olunmalıdır. Ancaq Azərbaycana gəlincə isə ümumi sözlərlə yayınmağa çalışır. Konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü BMT çərçivəsində qəbul edilən sərhədlər daxilində tanıdığını bəyan etsə də, birmənalı münasibət ortaya qoymur. Bu da beynəlxalq hüquqa münasibətdə ikili standartların ortaya çıxmasına səbəb olur.
- Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr ölkələrin Ermənistana daha çox simpatiya göstərdiyi müşahidə edilir. Bu baxımdan, həmsədrlərdən ədalətli mövqe gözləməyə dəyərmi?
- Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu yarandığı gündən bəri onların qarşısına BMT qətnamələrinin həyata keçirilməsi istiqamətində addımlar atılması vəzifə kimi qoyulsa da nəticə əldə olunmayıb. Adətən dövlətlərin ərazi bütövlüyünə xələl gətiriləndə, insan hüquq və azadlıqları kobud şəkildə pozulanda həmin dövlətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur. Amma göründüyü kimi bu günə kimi vasitəçi dövlətlər tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiq olunması istiqamətində addım atılmayıb. Əgər cəzalandırılmasza, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək. İndiki məqamda ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe ortaya qoyacaqları və işğal faktoru ilə bağlı açıq mövqe sərgiləyəcəkləri inandırıcı deyil.
- Oktyabrın 10-da Fransa prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçiriləcək növbəti görüşündən bir nəticə gözləməyə dəyərmi?
- İndiki şəraitdə belə bir nəticənin olması üçün real bir şərait yoxdur. Ermənistan tərəfi özünün işğalçı mövqeyindən geri çəkiləcəyini bəyan etməyib. İşğalçıya qarşı konkret olaraq sanksiyaların tətbiq olunması istiqamətində hər hansı bir addım atılmayıb. Belə olduğu şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Parisdə keçiriləcək görüşün yalnız danışıqların davam etdirilməsi üçün bir mərhələ olacağını düşünürəm. Konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin bilavasitə ədalətli həll olunmasına təsir göstərəcək hər hansı bir sensasion hadisənin baş verməyəcəyini gözləmirəm.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB