Aydın Mirzəzadə: “ABŞ-ın mövqeyi Azərbaycanla üst-üstə düşür" AÇIQLAMA

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq ölkəmiz öz ərazilərini geri qaytarmaq uğrunda mübarizə aparır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Yekun Aktının prinsipləri əsasında olmalıdır" fikrinə münasibət bildirərkən deyib.

1975-ci ilin avqustun 1-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə müşavirəni xatırladan YAP rəsmisinin sözlərinə görə, həmin dövrə qədər Qərb və sosialist bloku adlanan ölkələr qrupu arasında soyuq müharibə əhval-ruhiyyəsi var idi: "Bu müşavirədə həmin atmosferin götürülməsi və dövlət səviyyəsində münasibətlərin yaxşılaşdırılması ciddi müzakirə predmeti oldu. Bununla bağlı ilk Helsinki Yekun Aktı qəbul olundu. Həmin Yekun Akta əsasən ikinci dünya müharibəsinin nəticələri bir daha tanındı. Sözügedən Aktda ərazi bütövlüyü məsələsi də önə çəkildi. Çünki müharibələr bir qayda olaraq ərazi iddiası, yeni torpaqlar əldə etmək üçün bu və ya digər ölkənin başladığı mübarizə nəticəsində baş verir. Məhz buna görə də Avropa dövlətləri ərazi bütövlüyünü stabilliyin dünyada sülhün qorunması kimi vacib amil elan etdilər. Sözün düzü burada xalqların öz müqəddəratını təyinetmə prinsipləri də nəzərdə tutulurdu. Amma sonradan həmin məsələyə əlavə izahlarla aydınlıq gətirildi. Bu, ilk növbədə mərkəzi hökumətin razılığı əsasında və ərazi mövqeyi çərçivəsində yüksək muxtariyyətin verilməsi kimi nəzərdə tutulurdu.

Heç də təsadüfi deyil ki, 1975-ci il Helsinki Yekun Aktının qəbulu həmin dövrdə ərazi iddialarını xeyli səngitdi. Beləcə Kosova insidentinə qədər Avropada hər hansı yeni bir dövlət meydana gəlmədi. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq ölkəmiz öz ərazilərini geri qaytarmaq uğrunda mübarizə aparır. Amerikalı həmsədrin fikirlərinə nəzər salsaq, prinsipcə Azərbaycanın mövqeyi ilə bu gün ABŞ nümayəndəsinin mövqeyinin üst-üstə düşdüyünü söyləyə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə