Asim Mollazadə: “Ərdoğan İrəvana səfər etməyəcək” MÜSAHİBƏ

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir millət iki dövlət modelinin göstəricisidir

Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadənin SİA-ya müsahibəsi:

- Asim müəllim, bu gün Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir. Siz bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir millət iki dövlət modelinin göstəricisidir. Azərbaycana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin eyni istiqamətdə inkişafı, siyasi, iqtisadi və strateji maraqlarımızın eyni olduğunu nümayiş etdirir.

- Bildiyiniz kimi, Ermənistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirə dəvət edib. Sizcə Ərdoğan İrəvana gedəcək?

- Hesab edirəm ki, bu səfər baş tutmayacaq. Çünki ermənilərin bütün təbliğatı türk nifrəti ilə doludur. Ona görə də belə bir səfər ermənilərə dəstək olardı. Bu səbəbdən də bu səfər alınan deyil.

- Son zamanlar erməni diasporu Serj Sarkisyana qarşı çıxır, ona zidd addımlar atır. Baş verənlər nə ilə bağlı ola bilər?

- Bunlar ermənilərin daxilində baş verən oyunlardır. Belə hallar hər zaman baş verir. Ona görə də burada təəccüblü heçnə görmürəm. Əslində Serj Sarkisyan Rusiyanın forpostuna təyin etdiyi adamdır. Təbii olaraq Serj Sarkisyanda bütün addımlarını Rusiya ilə razılaşdırır. Bəzi taktiki məsələlərdə erməni diasporu ilə Sarkisyan arasında mübahisə ola bilər. Ancaq, digər məsələlərdə türk nifrəti ilə hərəkət edirlər.

- Ermənistan Sərsəng su anbarını yenidən istifadəyə verməyə hazırlaşır. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistanın hər hansı bir iqtisadi gücü yoxdur. Ermənistanın bütün gücü arxasında dayanan sahibinin hərbi gücüdür. Buna baxmayaraq, Ermənistanı özəlləşdirən Rusiya bura heç bir yatırım etmir. Ona görə də Ermənistanın həm iqtisadi, həm də sosial həyatı faciəvi səviyyədədir. Ancaq Azərbaycanı qıcıqlandırmaq üçün belə bir təbliğat aparırlar. Əslində isə bu təbliğat ermənilərin Azərbaycana qarşı olan təcavüzünü bütün dünyaya nümayiş etdirir. Bizim istəyimiz isə ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət ermənilərin törətdiyi cinayətləri, beynəlxalq hüquq normalarının kobud formada pozulmasına son qoyacaq və Ermənistanı sülhə məcbur edəcək sanksiyalar tətbiq etsin. Belə açıqlamalar göstərir ki, ermənilər işğal siyasətinə son qoymaq niyyətində deyillər və beynəlxalq hüquq normalarını kobud şəkildə pozurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə