Tahir Kərimli: “Müsavatdaxili ziddiyyətlər partiyanın dağılma prosesini sürətləndirəcək” MÜNASİBƏT
Müsavat Partiyası qurultay keçirmək barədə qərar versə də bunu reallaşdırmaq üçün heç bir addım atılmır. Bu isə partiya rəhbərliyinin ümumiyyətlə, qurultay keçirməmək istəyini açıq şəkildə ortaya qoyur. Ekspertlər isə hesab edirlər ki, Müsavat başqanı İsa Qəmbər əslində, başqanlıq postunda qalmaq məqsədini güdür. O, eyni zamanda ətrafında şou yaradaraq, diqqətləri özünə cəlb etmək istəyir.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların qurultay keçirmək barədə qərar verməsi və bununla bağlı gözləmə mövqeyi tutması diqqət çəkməkdən başqa bir şey deyil: "Demək olar ki, müxalifət təmsilçilərinin işi, xüsusilə də Müsavat başqanının davranışları bir müddət gündəmdə qalmaq və özlərini gözə soxmaq üçün hər hansı bir məsələni ortaya ataraq, ondan özlərini reklam məqsədilə istifadə etməkdən ibarətdir".
"Ümumiyyətlə, müxalifət təmsilçilərinin qurultaylarını böyük zalda keçirmək üçün heç bir sosial bazası yoxdur", - deyə qeyd edən Tahir Kərimli həmçinin qeyd edib ki, ona görə də, bunlar böyük zallar verilməməsi bəhanəsi ilə qurultay keçirmirlər: "Bu gün müxalifət partiya təmsilçiləri özlərinin daxili problemlərini həll edə bilmədiklərinə və hədsiz nüfuzdan düşdüklərinə görə öz qurultaylarını keçirmirlər".
Xatırladaq ki, bir neçə gün öncə, Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası keçirilmiş, tədbir isə əvvəldən sona qədər qalmaqalla keçmişdi. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyümüşdü. Bu məsələyə də münasibət bildirən Tahir Kərimlinin fikrincə, sözügedən hadisədən sonra ümumiyyətlə, Müsavat partiyasını qoruyub saxlamaq mümkün deyil: "Yəni istər İsa Qəmbər başqanlıqda qalsın və ya kürsüsünü tərk etsin, bu o qədər də önəmli deyil. Artıq partiya daxilində ziddiyyətlər baş alıb gedir və qarşısıalınmaz bir vəziyyətə gəlib çıxıb. Belə olan halda bu partiyanın dağılma prosesi daha da güclənir. Beləliklə, müxalifət partiyalarının bu cür gücsüz bir vəziyyətə düşməsinin əsas səbəbi həmin təşkilatlara rəhbərlik edən liderlərin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Çünki müxalifət partiya sədrləri heç vaxt partiya maraqlarını deyil, özlərinə sərf edən maraqlara xidmət edirlər. Belə olan halda da bu cür partiyalar belə çıxılmaz bir vəziyyətə düşür".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB