Qorunan hüquqlardır, yoxsa siyasi maraqlar? MÖVQE

Mais Səfərli: “Yəni bəzi siyasi partiyaların Leyla Yunus kimi şəxsləri müdafiə etməsi və onun tərəfini tutmasının arxasında hansısa maraqlar dayanır”
Qorunan hüquqlardır, yoxsa siyasi maraqlar? MÖVQE

Hər kəsə məlumdur ki, Azərbaycanda QHT-lərin siyasi proseslərdə iştirakı qadağan edilir. Lakin bu qadağalara baxmayaraq, bəzi QHT-lər müxalifət partiyalarının maliyyələşməsində yaxından iştirak edirlər. Hətta elə məqamlar olur ki, onların özləri bu QHT-lərin qrant almasında beynəlxalq təşkilatlarla danışıqlar aparırlar.

Sonradan ortaya çıxan bir çox faktlar isə sübut edir ki, Azərbaycanda həbs olunan "hüquq müdafiəçiləri" və QHT-lər aldığı qrantlar vasitəsi ilə bəzi müxalifət partiyalarının maliyyələşdirilməsində iştirak edirlər. Və həmin "hüquq müdafiəçiləri"nin həbsi sözsüz ki, müxalifəti narahat etməyə bilməz. Həmin insanları müdafiə etməklə isə radikal müxalifət nümayəndələri bir növ onları bu və ya digər şəkildə idarə edən beynəlxalq təşkilatlara özlərini xilaskar qismində göstərməyə çalışırlar.

Bir müddət öncə həbs olunan, özlərini "hüquq müdafiəçiləri" adlandıran şəxslərin müdafiəsi məqsədilə Müsavat başqanı İsa Qəmbərin rəhbərliyi ilə toplantı keçirilib. Belə bir toplantının keçirilməsi isə haqlı olaraq belə bir sual ortaya çıxarır. Bu "müdafiə kampaniyası" hansısa xarici qüvvələrin göstərişidirmi?

"Hüquq müdafiəçiləri"nin həbsi məsələsinə toxunan "Yurddaş" partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, əgər istintaqın əlində ciddi faktlar olmasa onların barəsində qəti həbs imkan tədbiri seçilməzdi. Çünki Azərbaycan demokratik hüquqi dövlətdir. Bir sözlə, Azərbaycanda hər bir məsələ hüquq çərçivəsində öz həllini tapır. Demək olar ki, bəzi xarici qüvvələr var ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşaraq bu kimi məsələlərdən istifadə edir, ölkəmizlə bağlı reallığı özündə əks etdirməyən fikirlər yaymağa çalışırlar. Demək olar ki, müxalifət qüvvələrinin bu hərəkəti də xaricdəki anti-Azərbaycan qüvvələrinin "dəyirmanına" su tökür. Bir sözlə, belə məsələlər siyasiləşdirib öz məqsədləri üçün istifadə etməsi onlara yaraşmayan bir hərəkətdir və həmin insanlara heç vaxt başucalığı gətirməz. Amma, nə xarici qüvvələrin, nə də ki, müxalifət təmsilçilərinin bu planları baş tutmur. Çünki, Azərbaycan dünya ölkələri içərisində öz sözünü demiş və hörmətini qazanmış bir dövlətdir".

"Bəzi siyasi partiyaların vətəndaş cəmiyyəti institutunun təmsilçiləri olan Leyla Yunus, İntiqam Əliyevin və digərlərinin mövqeyindən çıxış edib, onları müdafiə etməsi həmin qurumların sözügedən insanlarla maliyyə alınmasında, qrantların bölünməsində ortaq şəxslər olduğunu deməyə əsas verirmi" sualına münasibət bildirən partiya sədri diqqətə çatdırıb ki, əsassız olaraq heç kəs heç kimi müdafiə etmir: "Görünür burda siyasi maraqlar var. Yəni bəzi siyasi partiyaların vətəndaş cəmiyyəti institutunun təmsilçiləri olan Leyla Yunus kimi şəxsləri müdafiə etməsi və onun tərəfini tutmasının arxasında hansısa maraqlar dayanır".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə