Ağdam rayonunun işğalının 21-ci il dönümü münasibəti ilə anım tədbiri keçirilib
Bu gün Ağdam rayonunun işğalının 21-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirə Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayonun deputatları, ictimaiyyət nümayəndələri qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları Ağdamın tarixini əks etdirən sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Ağdam RİH-in başçısı Raqub Məmmədov deyib ki, hər il Ağdamın işğalının ildönümünü qeyd etmək olduqca ağırdır: "1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı altı mindən artıq insan şəhid olub".
R. Məmmədov deyib ki, hazırda dövlət tərəfindən Ağdam rayonundan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli tədbirlər görülür.
Daha sonra Ağdam rayonuna həsr olunmuş sənədli film nümayiş olunub.
Çıxış edən Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vurğulayıb ki, gün gələcək biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ağdamın və digər rayonlarımızın qələbə gününə toplaşacağıq: "Ağdam həm ərazi, həm də əhali baxımından respublikanın ən böyük rayonlarındandır. Ağdamlılar çox zəhmətkeş insanlardır. Təsadüfi deyil ki, bu rayonun 20 sosialist əmək qəhrəmanı olub. Ağdamdakı döyüşlər zamanı rayon 6000 şəhid, 16 milli qəhrəman verib. Bu onu göstərir ki, ağdamlılar kifayət qədər döyüşkəndirlər və döyüşüblər".
Baş nazirin müavini deyib ki, son 10 ildə ölkədə salınan 82 qəsəbənin 18-i Ağdam ərazisində tikilib. Bu ərazilərə 30 minə qədər məcburi köçkün köçürülüb: "Biz bu əraziyə məcburi köçkünləri köçürməklə, kiçik bir həcmdə də olsa, Ağdam Fizuli timsalında qayıdış prosesini artıq başlamışıq".
Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk qrupunun dövlətləri və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasındakı son çıxışından nəticə çıxarmalıdırlar. Həmin dövlətlər və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər. Ya bu problemi həll etməlidirlər, ya da çəkilməlidirlər kənara və iki xalqı, iki dövləti qarşı-qarşıya qoymalıdırlar ki, öz problemlərini həll etsinlər".
Ə. Həsənov həmçinin qeyd edib ki, əgər erməni xalqı xoş və firavan yaşamaq istəyirsə, Ermənistandakı mövcud rejimdən canını qurtarmalı və yenidən Azərbaycanla qonşuluğa başlamalı, Azərbaycanın da imkanlarından istifadə edərək özlərinə yaxşı yaşayış tərzi qurmalıdırlar: "Çıxış yolu budur. Əgər erməni xalqı rahat yaşamaq istəyirsə, bunu etməlidir, istəmirsə, qoy elə zülmət içində yaşasın. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Prezidenti onsuzda gec-tez torpaqlarımızı azad edəcək. Biz azad edilmiş Azərbaycan torpaqlarının qələbə gününə toplaşacağıq".
Tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB